Həm faydalı, həm də sərfəli
Yerli pomidor sortlarını niyə artıra bilmirik?
6 Aprel 2016 13:25 SosialAzərbaycan ənənvi kənd təsərrüfatı məhsulların istehsalı üzrə kifayət qədər təcrübəyə malik olsa da bəzi sərfəli məhsulların inkişafı diqqətdən kənarda qalıb. Halbuki belə məhsulların istehsalını çoxaltmaqla kifayət qədər gəlir əldə etmək olar. Belə kənd təsərrüfatı məhsullardan biri də pomidordur ki, vaxtilə MDB ölkələrinin əksəriyyətini bu məhsulla Azərbaycan təmin edib. Elə indinin özündə də bu məhsulun dünya bazarına çıxarılması ilə dövlət büdcəsinə xeyli vəsait gətirmək olar. Təəssüf ki, bu növ məhsulun istehsalı inkişafdan qaldığından nəinki dünya bazarına çıxarılmır, hətta daxili tələbatı ödəməkdə çətinliklər yaşanır. Lakin bu boşluqdan istifadə edən "işbazlar" ölkəmizə genetik matifikasiya olunmuş (GMO) məhsul idxalına üstünlük verirlər. Sirr deyil ki, belə məhsullar insan orqanizmi üçün təhlükə mənbəyi rolunu oynayır. Bəz, ölkədə pomidor istehsalının artırılmasına hansı amillər maneə olur?
Pomidor bitkisi ölkəmizdə özünün əkin sahəsinə və istehsal həcminə görə həmişə aparıcı yeri tutmuş və tutmaqdadır. Baxmayaraq ki, pomidorun vətəni Cənubi və Mərkəzi Amerikanın (Peru, Çili, Qvatemala) tropik rayonları olub, ancaq Azərbaycanda bu növ məhsulun istehsalı üçün münbit iqlim şəraiti mövcuddur.
Kənd təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pomidor Avropaya ilk dəfə olaraq XVI yüzillikdə gətirilmiş, o vaxta qədər isə o ekzotik və dərman bitkisi kimi tanınmışdır. Bizim ölkəmizdə isə ilk dəfə 1862-ci ildən becərilməyə başlanmışdır. Pomidorun tərkibində cox əhəmiyyətli qida məhsulları, mineral duzlar, vitamnlər vardır. Tərkibindəki şəkərin turşuya münasibəti nə qədər çox olarsa, meyvə daha da dadlı olar. Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7%, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, vitamini C 25-27 mq%, A,B1, B2,PP vitaminləri vardır. Pomidorun tərkibində olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı və onun əmək qabiliyyətinin saxlanması üçün vacibdir. Odur ki, hər bir insan gün ərzində azı 300-400 q pomidor yeməlidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2014-cü təsərrüfat ilində Azərbaycanda 25.544 hektar sahədə pomidor əkilmiş, cəmi 448,1 min ton məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 181,7 sentner olmuş, təkrar əkinlərdən isə 2660,7 ton əlavə məhsul istehsal edilmişdir. Respublikada pomidor məhsuluna olan təlabat tam ödənilir.
Pomidor bitkisinin sortlarına gəldikdə, nazirlikdən bildirilib ki, respublikamızda pomidor bitkisinin tezyetişən-Utro, Elnur, İlyas, Alsu, ortayetişən-Maqomed-Ali, Astol, Nuru, Şəkər, Yubiley-60, Xəzər, Zəfər ortayetişən-Titan, Elim, İlkin, Dar Zavoljya, Vətən-1, Leyla, Zərrabi sortları rayonlaşdırılmışdır. Tezyetişən və ortatezyetişən sortların əsasən suvarılan ovalıq, Lənkəran zonasında, ortayetişən sortların isə suvarılan dağətəyi-düzən, Lənkəran, Abşeron və digər iqtisadi rayonlarda əkilməsi məqsədə müvafiqdir. Pomidor istehsalını artırmaq üçün əkinlərə xüsusi qulluq edilməlidir. Pomidor bitkisi üçün ən yaxşı sələf bitkiləri-xiyar, bostan bitkiləri, soğan, kələm, paxlalılar hesab edilir. Bu bitki üçün mexaniki tərkibcə yüngül, qumsal torpaqlar daha əlverişlidir. Respublikanın tərəvəzçilik bölgələrində şitillər əsasən parniklərdə və polietilen örtüklü istixanalarda 35-40 gün ərzində becərilir. Bölgələrin iqlim şəraitindən asılı olaraq əkin üçün hazır olan şitillər may ayının I ongünlüyünə qədər olan müddətdə açıq sahədə 70x 35-40 sm sxemi üzrə əkilir. Pomidor toxumunun cücərməsi üçün normal temperatur 23-250 hesab edilir. Bitkinin normal böyüyüb inkişaf etməsi üçün 23 7 temperatur rejimi saxlanmalıdır.
Bitkiyə qulluq işləri əsasən cərgə və bitki aralarının becərilməsi, alaqların vurulması, gübrələrin verilməsi, suvarılması və xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir. Sort xüsusiyyətlərindən asılı olaraq hər 300-350 kq meyvədən 1 kq, 1 ton meyvədən 3,0-3,5 kq, 1 ha-dan 150-200 kq toxum əldə etmək olar. Toxumu düzgün saxladıqda cücərmə qabiliyyətini 5-7 il saxlayır. Yazda, əkin ərəfəsində 20-25 sm dərinliyində II yaz şumu və malalama aparılmalıdır. Malalama zamanı hektara superfosfat, kalium-sulfat və ammonium sorasının hərəsindən 1 sen verilməlidir. Nəzərə almaq lazımdır ki, pomidor bitkisi mineral qidalanmağa çox tələbkardır. Gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Əsas gübrələmə şumqabağı torpağın hər hektarına 20 ton peyin, fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə ilk meyvə əmələ gələn vaxt verilir. Azot gübrəsinin 30%-i yazda ikinci şum altına, 40-45%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 25-30%-i isə ilk meyvə əmələ gələn dövrdə verildikdə yaxşı nəticə alınır. Pomidorun geniş yayılmış xəstəlikləri fitoftora, makrosporioz, meyvələrdə təpə cürüməsi, əsas zərərvericiləri pambıq sovkası, mənənə, karadrina hesab edilirlər. Xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə olunur. Nazirlikdən o da bildirilib ki, yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü var. Belə ki, yerli sortlar vegetasiya müddəti, məhsuldarlıq, keyfiyyət göstəriciləri, tərkibindəki vitamin və zülalların miqdarına görə xarici məhsulları üstələyir.
Nurlan