"Şahdağ" Turizm Mərkəzində qış mövsümü başa çatdı
6 Aprel 2016 11:41 Sosial"Şahdağ" Turizm Mərkəzi aprel ayının 4-dən etibarən 2015-2016-cı il qış mövsümünü bağlı elan edir. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir. Azərbaycanda ilk dağ-xizək mərkəzinin artıq sayca 4-cüsü olan bu qış mövsümü ərzində qonaqların mükəmməl istirahəti və əyləncəsi üçün turizm mərkəzi var gücü ilə çalışıb, turistlərdən gələn xoş şərhlər buna nail olunduğunu göstərib. Nazirlikdən bildirilib ki, u mövsüm ərzində turizm mərkəzini 75 000-dən çox turist ziyarət edib. Məlumdur ki, "Şahdağ" Turizm Mərkəzinin əsas məqsədlərindən biri də Azərbaycanda xizəkçilik mədəniyyətinin formalaşdırılması və qış idman növlərinin inkişafına nail olmaqdır. Bu sahədə uğurun əsas göstəricisi turizm mərkəzinə gələn qonaqların 40 faizinin məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarlarının olmasıdır. "Şahdağ" Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə mühüm addımlar atılmış, xarici turizm şirkətləri üçün info-turlar təşkil olunub, Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edilmişdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə
fəaliyyət göstərən hotellər qonaqların ixtiyarında olacaqdır. Xüsusilə, "Şahdağ" hotelində fəaliyyət göstərən sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssilərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçimlərdən olacaq.