Özbəkistan mətbuatı Azərbaycanın turizm imkanlarından yazıb

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın nüfuzlu "kultura.uz" saytında Azərbaycanın turizm imkanları və son zamanlar turistlərin ölkəmizə axını barədə "Азербайджан возглавляет рейтинг самых перспективных туристических направлений в СНГ" adlı məqalə verilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, müəllif məqalədə Azərbaycanın ən məşhur turizm şəhərləri barədə ətraflı məlumat verir. Paytaxt Bakı, ölkənin ən məşhur qış turizm mərkəzi Şahdağ, habelə Gəncə, Şamaxı, Qəbələ və Naftalan, eləcə də Göygöl və Xəzər dənizinin sahillərində Xaçmaz-Nabran, Lənkəran çimərlikləri və buradakı istirahət geniş işıqlandırılıb. Müəllif həmçinin Bakıda 2016-cı 17-19 iyun tarixlərində Avropa Qran-prisi "Formula-1" oyunun keçiriləcəyini yazır və bu tədbirin turistlər üçün cəlbedici ola biləcəyini vurğulayır. 2016-ci il fevral ayında Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycanın Turizm nümayəndəliyinin açılması məqalədə öz əksini tapıb. Məqalədə tarixi Qobustan - qədim insan yaşayış məskəni, öz qədim abidələri və müalicəvi Duzdağ sanatoriyaları ilə öyünən Naxçıvan, füsunkar təbiət mənzərələri ilə insanı valeh edən Göygöl, Qəbələ, isti və qumlu çimərlikləri ilə turistlərin rəğbətini qazanan Nabran, müalicə turizminin inkişaf etdiyi Naftalan barədə geniş məlumat verilir. Buradakı turistlər üçün maraqlı yerlər, istirahət mərkəzləri, otellər, habelə təklif olunan xidmətlər haqqında informasiyalar yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00