Deputatlar “Baytarlıq şəhərciyi”ndə olublar
6 Aprel 2016 11:38 SosialKənd təsərrüfatı naziri Heydər Əsədov və Milli Məclisin bir qrup üzvü "Baytarlıq şəhərci"yində olublar. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Milli Məclisin üzvləri ilk öncə Dövlət Baytarlıq Nəzarəti Xidmətində əməkdaşların fəaliyyəti üçün yaradılan şəraitlə tanış oldular. Bildirilib ki, "Baytarlıq şəhərciyi"ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binaları yerləşir. Belə bir şəhərciyin yaradılmasının əsas məqsədi respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatının yüksəldilməsindən ibarətdir. "Baytarlıq şəhərci"yinə gələn deputatların diqqətinə çatdırılıb ki, binada Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası yerləşir. Binada olan 150 nəfərlik konfrans zalı, 26 nəfərlik təlim mərkəzi, kitabxana, oxu zalı, ofis otaqları və mətbəxlə tanışlıqdan sonra vurğulandı ki, binadakı bütün inzibati otaqlar zəruri avadanlıqlarla təchiz edilib, əməkdaşlar üçün hərtərəfli şərait yaradılıb. Nazir Heydər Əsədov və Milli Məclisin üzvləri bundan sonra Respublika Baytarlıq Laboratoriyasında olublar. Məlumat verilib ki, 1974-cü ildə inşa edilən binada əsaslı yenidənqurma işlərinə 2014-cü ildə başlanılıb və 2015-ci ildə yekunlaşıb. Hazırda Respublika Baytarlıq Laboratoriyasının ən son model müasir laboratoriya avadanlıqları ilə təchiz edildiyi xüsusi qeyd edildi. Sonra Milli Məclisin üzvləri Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan yenidənqurma işləri ilə, o cümlədən Avropa standartlarına uyğun qurulan laboratoriyaları ilə tanış olublar.