Əbülfəs Qarayev Qətərdə bir sıra görüşlər keçirib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərin Doha şəhərinə səfəri çərçivəsində nazir "Qatar Airways" şirkətinin sədrinin birinci müavini ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd edilib. Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr Binasında keçirilən görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin, nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat verib və həmkarını tədbirdə iştirak etməyə dəvət edib. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib. Görüş zamanı Azərbaycanın və Qətərin birinci xanımları arasındakı yüksək münasibətdən söhbət açılıb, həmçinin qeyd olunub ki, onların rəhbərlik etdiyi fondlar arasında hazırda bir neçə layihə həyata keçirilir. Nazir Əbülfəs Qarayev Qətərdə baş çəkdiyi İslam
Muzeyindən söhbət açıb, Azərbaycan Milli İncəsənət Muzeyinin bu muzeydə sərgilərinin açılması təklifini irəli sürüb. Eyni zamanda, Azərbaycan İncəsənət Muzeyində və ya Azərbaycan Xalça Muzeyində Qətər İslam Muzeyinin sərgisinin açılması da müzakirə olunub. Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirib. Nazir Əbülfəs Qarayevin keçirdiyi növbəti görüş Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılıb, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görüməli işlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00