Müsabiqə qalibləri mükafatlandırılıb
6 Aprel 2016 11:30 SosialTəhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə,tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və müsabiqə qalibləri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov inşa müsabiqəsinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunması, onun inkişafı və məktəblilərə vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynadığını bildirib. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. İnşa müsabiqəsinin ölkə mərhələsində bütün bölgələr əhatə olunmaqla 101 şagird iştirak edib. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü, 20 nəfər həvəsləndirici yerə layiq görülüb. Müsabiqə qalibləri diplom, tərifnamə və hədiyyələrlə təltif ediliblər