Əmanətlərin də xarici valyutada qəbuluna məhdudiyyət qoyulmalıdır

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib və qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın.

"OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifov bildirib ki, bu çox doğru bir qərardır: "Mən onu alqışlayıram. Xarici valyutada kreditlərin verilməsi qarşısında sədd çəkən ilk qətiyyətli adımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına tövsiyyə edirəm ki, bir ayın tamamında, bu qərarın bundan sonra, heç vaxt dəyişməyəcəyi barəsində, yeni bir qərar qəbul etsinlər. Çəkinməsinlər. Ölkənin bank-maliyyə sistemini dollar xəstəliyindən qurtarmağın yeganə yolu bu tipli, qətiyyətli qərarlardan keçir. Direktorlar Şurası eyni qaydada əmanətlərin də xarici valyutada qəbulu barəsində qətiyyətli addımlar atmalıdır. Unutmaq olmaz ki, bu məsələdə tərəzinin iki gözü var. Balans yaratmaq üçün, onun hər iki gözü yüklənməlidir". Fikrət Yusifovun sözlərinə görə,  xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulursa, deməli əmanətlərin də xarici valyutada qəbuluna məhdudiyyət qoyulmalıdır: "İnanaq ki, yaxın günlərdə bu istiqamətdə də aidiyyatı addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00