Ombudsman parlamentdə hesabat verdi
5 Aprel 2016 17:17 SosialMülkiyyət hüququnun pozulması ilə bağlı Ombudsmana 1 996 müraciət daxil olub. Bunu 2015-ci il üzrə illik hesabatını parlamentə təqdim edən Ombudsman Elmira Süleymanova deyib.
Qeyd edib ki, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub. Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub: "Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub, bəzən dağılıb və ya ən müxtəlif maddi-mənəvi sarsıntılarla üzləşib". Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün DNK müayinələrinin aparılması məqsədi ilə Tibbi-Genetik Laboratoriyasının yaradılmasını zəruri hesab edən Ombudsmanın sözlərinə görə, təəssüf ki, ölkədə hepatitlərin sayının günbəgün artdığı bir vaxtda bu xəstələrin dəqiq uçotunun aparılmaması mövcud sahədə real mənzərəni görməyə imkan vermir. Bu xəstələrin dəqiq uçotunun aparılmasına və ünvanlı qaydada kompleks müalicəsinin təmin edilməsinə kəskin ehtiyac var. Bildirilib ki, sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmana 445 müraciətin daxil olub: "Dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması vətəndaşların narazılığına səbəb olan hallardır. Bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilən ciddi pozuntular, qiymətlərin çox baha olması, müalicənin nəticəsiz qalması, həmçinin dövlət tibb müəssisələrində həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması halları da şikayətlərdə öz əksini tapıb". Ötən il insan hüquqları üzrə müvəkkilə sosial təminat hüququnun pozulması ilə bağlı 1 225 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb və təmin edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması və pozulmuş hüquqların bərpası istiqamətində bir sıra tədbirlər görülüb. Şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar öz əksini tapıb ki, Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələlər öz həllini tapıb. Şikayətlər üzrə araşdırmalardan sonra vətəndaşların sosial təminat hüququnun digər aspektləri, o cümlədən cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı problemlər də öz həllini tapıb, pozulmuş hüquqlar bərpa edilib. Onun sözlərinə görə, vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub. Pozuntulara yol verən 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. İcra məmurlarının öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olub. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti də hüquqların pozulması ilə nəticələnib. Eyni zamanda, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlara görə 35 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si ədliyyə orqanlarından xaric olunub, 3 nəfər isə tutduğu vəzifəsindən azad edilib. Keçən il İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) yol patrul xidmətinin əməkdaşları ilə bağlı 239 şikayət daxil olub. O, daxil olan şikayətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib. Şikayətlər üzrə müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb, bəzən sürücülərə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilib. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir. Bunları nəzərə alaraq Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir. Məruzədə təhsil hüququ ilə bağlı isə Ombudsmana 140 müraciətin daxil olduğu, tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilmiş qaydada icra etməməsinin şikayətlərə səbəb olduğu vurğulanıb. Aparılan yoxlamalar nəticəsində aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, təqsirkar tədris işçiləri cəzalandırılıb. Hesabatda o da qeyd olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir. Əslində Təhsil Nazirliyi ABU-nun rəhbərliyi tərəfindən tələbələrin aldadılmasından xəbərsiz olmayıb, həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplom verilib. Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir. Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir. Hesabatda qeyd olunub ki, orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir. Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər.
Alim