Akademik Milli Dram Teatrda əsgərlərimizə dəstək aksiyası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb. Bildirilib ki, artıq bir neçə gündür Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutulur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir: "Bu günlər tariximizin yeni mübarizə səhifələri yazılır. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını yağı düşməndən geri almaq üçün böyük şücaət göstər. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır.
Tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Məsmə Aslanqızı, aktyor Anar Heybətov çıxış edərək hər an Azərbaycan əsgərinin yanında olduqlarını söyləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00