“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi üzrə podrat müqaviləsi imzalanıb

Aprelin 5-də Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsi üzrə podrat müqaviləsinin imzalanma mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müqavilə "Azərsu" ASC ilə beynəlxalq tenderin qalibi Koreya Respublikasının "Hansol" EME Co LTD şirkəti arasında imzalanıb. "Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsi çərçivəsində sutkalıq məhsuldarlığı 40 min kubmetr olan müasir tipli bioloji tullantı təmizləyici qurğu tikiləcək. Müasir standartların tələblərinə uyğun olaraq qurğunun qapalı rejimdə layihələndirilməsi, yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına böyük töhfə verəcək. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrinin tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Podrat müqaviləsi üzrə tikinti-quraşdırma işlərinin 2016-cı ilin III rübündə başlanılması və 2018-ci ildə yekunlaşması planlaşdırılır. Qeyd edək ki, "Pirşağı Çirkab Su Təmizləmə Qurğusu" layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırmışdır və bununla bağlı kredit sazişi 2014-cü ildə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00