AzTU-nun şəhid olan məzunu dəfn olundu
5 Aprel 2016 15:50 SosialTəmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Müşfiq Arif oğlu Orucov dəfn olunub. "OLAYLAR"-ın xəbərinə görə, aprelin 3-dən 4-nə keçən gecə cəbhədə gedən döyüşlərdə düşmən təxribatının qarşısını alan zaman həlak olan Müşfiq Orucov Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Zəngilan və Xətai rayonunun ictimaiyyətinin qatıldığı izdihamlı dəfn mərasimində mərkəzi icra orqanlarının rəhbərləri ilə yanaşı AzTU-nun rektoru, professor Havar Məmmədov, həmin Universitetin tərbiyə işləri üzrə prorektoru, qəhraman şəhidimizin təhsil aldığı fakültənin dekanı və tələbə gənclər də iştirak ediblər. Əslən Zəngilan rayon sakini olan Müşfiq Orucov 2011-ci ildə Azərbaycan Texniki Universitetin Avtomatika və kompyuter texnikası fakültəsinə qəbul olub. Universiteti yaxşı qiymətlərlə bitirən Müşfiq 2015-ci ildə hərbi xidmətə yollanıb və Naftalan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib. AzTU-nun rektorluğu, müəllim və tələbə heyəti qəhraman şəhidimizin doğmalarına dərin hüznlə baş sağlığı verir.