Alimentin ödəniş qaydaları dəyişdirilə bilər

Ramiz Rzayev: “Birinci instansiya məhkəməsi bu barədə qərarı elan etdiyi andan icra olunmalıdır”

Ali Məhkəmənin sədri Ramiz Rzayev cəmiyyətin marağında olan bir sıra məsələlərə aydınlıq gətirib. Son vaxtlar ən çox gündəmdə olan kredit məsələsinə münasibət bildirən AM sədri qeyd edib ki, bu məsələni banklar həll edir: "Əgər vətəndaşlar konkret olaraq kreditlə bağlı məhkəmələrə müraciət edirlərsə, biz bu məsələyə baxırıq. Bu məsələdə mənim mövqeyim ondan ibarətdir ki, əgər vətəndaş krediti dollarla götürübsə dollarla ödəyir, manatla götürübsə manatla qaytarır. Bu məsələdə hər hansı dəyişiklik edilsə gərək qanunvericilik səviyyəsində baxılsın. Hazırda isə məhkəmələr mövcud qanunvericilik çərçivəsində hərəkət edirlər".Hakimlərin fəaliyyətində korrupsiya hallarına toxunan R.Rzayev bildirib ki, 2011-2015-ci illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən 70 hakim haqqında inzibati icraat başlanıb. Onlardan 5-nin səlahiyyətlərinə xitam verilib, 10 nəfərinin iş yeri dəyişdirilib, 1 nəfərin vəzifəsi aşağı salınıb, 22 nəfərə töhmət verilib, 11 nəfərə irad tutulub, 1 hakim haqqında isə intizam icraata xitam verilib. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə, təxminən 2005-ci ildən bəri 73 hakimin səlahiyyətinə xitam verilib: "Bildirmək istəyirəm ki, Məhkəmə Hüquq Şurası olduqca şəffaf fəaliyyət göstərir. Zəruri hallarda Şuranın iclasına qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunur. İclas barədə mətbuata dərhal məlumat verilir. İctimaiyyətə bildirilir ki, hansı hakim hansı nöqsanına görə cəzalandırılıb. Burada korrupsiya halları da, digər hallar da var. Bu bir mənəvi məsələdir. Qanunvericiliyi pozan hakim əməlinə görə cavab verməlidir. Heç kim toxunulmaz deyil, kim cinayət törədirsə cavabını verməlidir. Elektron məhkəmə sistemi isə belə halları tamamilə istisna edəcək. Hakim istəsə də belə hallar mümkün olmayacaq. Ona görə də hamımız çalışmalıyıq ki, nə qədər tez mümkündürsə bu sistemin tətbiqinə nail olaq". Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvüdür. "İnsan Hüquqları və Əsas Azadlıqları haqqında" Avropa Konvensiyasına imza atılıb. Azərbaycanın məhkəmə sistemini Avropa İnsan Hüquqları Məhkəməsini yurisdiksiyasındadır: "Onlar əsasən Konvensiyada nəzərdə tutulmuş maddələr çərçivəsində prosedur məsələlərə baxırlar. Bu isə o deməkdir ki, onlar işlərin mahiyyətinə baxmırlar. Nə qədər ki, biz bu Konvensiyaya qol çəkmişik, Avropa Məhkəməsinin qərarlarını sözsüz ki, icra etməliyik. Bizim Konstitusiyamız istisna olmaqla bütün qanunlarımız Konvensiya ilə ziddiyyət təşkil edərsə, üstünlük hüququ Konvensiyadadır. Ona görə də Konvensiya əsasında Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş qərarları icra etməliyik". 

Jurnalist Xədicə İsmayılova və İlqar Məmmədovun işinə AM Plenumu tərəfindən baxılaraq azadlığa buraxılacaqları barədə səslənən fikirlərə münasibət bildirən R.Rzayev deyib ki, məhkəmə qərar qəbul etməyənə qədər heç kəs hansı qərarın qəbul ediləcəyini deyə bilməz: "Bu işə baxan hakimin səlahiyyətinə aid olan məsələdir. Odur ki, əvvəlcədən demək olmaz ki, kimin işi barədə hansı qərar qəbul ediləcək. Heç kimin belə bir səlahiyyəti yoxdur. Əgər edilən şikayət Ali Məhkəmənin icraatına daxil olubsa, hakim işə baxıb müvafiq qərar qəbul edir. Qabaqdan qərarın necə olacağını söyləmək yanlış fikirdir. Bizdə azad, demokratik dövlət olduğundan mətbuatda kim nə istəyir, onu da yazır. Odur ki, bu barədə konkret fikir söyləyə bilmərəm". Ölkədə mövcud olan aliment probleminə toxunan AM sədri bildirib ki, bu məsələ ilə bağlı qanun layihələri hazırlanıb və müzakirə edilib. Hazırda onların mətni üzərində iş gedir: "Əvvəllər belə bir məsələ var idi ki, birinci instansiya məhkəməsi aliment kəsir, tərəf isə ondan narazı qalaraq şikayət edir. Əvvəlcə apelyasiya, sonra isə kassasiya şikayəti gəlir. Qanunvericilikdəki müddətləri nəzərə alsaq, bu məsələ haradasa 7-8 ay çəkir. Haradasa hakimin səhvi olsa və ya birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmasa, yaxud Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmasa bu müddət iki dəfə artaraq bir ili keçir. Belə çıxır ki, uşaq bir il ac qalmalıdır. Ona görə hesab edirik ki, birinci instansiya məhkəməsi qərar elan etdiyi andan dərhal icra olunmalıdır ki, şəxsdən məbləğ tutulsun və uşağın maraqları nəzərə alınmış olsun". Onun sözlərinə görə, digər bir problemli məsələlərdən biri də odur ki, tərəflər alimenti ödəməkdən yayınırlar: "Nəzərə almaq lazımdır ki, uşağın gündəlik qayğısı var. Odur ki, belə bir fikir yaranıb ki, bir fond yaradılsın, dövlət tərəfindən uşağa vəsait ödənilsin. Gələcəkdə isə həmin şəxs o pulu dövlətə qaytarsın. Hesab edirik ki, bu məsələ də nəzərdən keçirilməlidir. Çünki alimentdən yayınmaq ailələr üçün problem yaradır". R.Rzayev qeyd edib ki, məhkəmə qərarlarının icra məsələsində problem bütün dünyada var. Baxmayaraq ki, məhkəmə qərarları sözsüz icra olunmalıdır. Əgər məhkəmə qərarı icra olunmursa, deməli ədalət məhkəməsi baş tutmayıb: "Azərbaycanda son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Nəticədə məhkəmə qərarlarının icra vəziyyəti xeyli yaxşılaşıb. Reallıqda bunların fəaliyyəti çox çətindir. Bəzən vətəndaşlar qəsdən, bilərəkdən süni maneələr yaradırlar, məhkəmə qərarlarını icra etməkdən yayınırlar. Qanunvericilikdə belə hallara görə inzibati cəzalar nəzərdə tutulur, hətta həmin şəxslərin xarici ölkələrə çıxışı məhdudlaşdırılır. Əgər vətəndaşlar məhkəmə qərarlarının icrasından yayınırlarsa, bir neçə xəbərdarlıqdan sonra onlar haqqında cinayət işləri başlanır, cinayət məsuliyyətinə cəlb edilirlər. Belə çinayət işləri var". O ki, qaldı məcburi köçkünlər tərəfindən vətəndaşların evlərini zəbt etməsi məsələsinə, AM sədri deyib ki, bu sosial problemdir: "Etiraf edilməlidir ki, son zamanlar bu sahədə də xeyli işlər görülüb. Paytaxtda və regionlarda böyük şəhərciklər salınıb. Demək olar ki, bu problem faktiki olaraq həll olunub. Ancaq ara-sıra işlər var ki, məcburi köçkünlər vətəndaşların evlərini zəbt ediblər. Biz çalışırıq ki, bu məsələlərlə bağlı çıxarılan məhkəmə qərarları icra olunsun. Düzdür, onlar vətəndaşların evlərini zəbt ediblər, bu vətəndaşın mülkiyyətidir, ancaq onlar da insandırlar, onları çıxarıb çölə atmaq da olmaz. Onları zəbt etdikləri evlərdən köçürmək üçün yeni inşa olunan binalardan mənzillər verilir ki, vətəndaşların öz evlərində yaşaması mümkün olsun". R.Rzayev əlavə edib ki, cəmiyyət və məhkəmlər arasında müsbət münasibətlər, aşkarlıq, şəffaflıq əsasında qurulur. Ali Məhkəmə tərəfindən vətəndaşlara münasibətdə bu prinsiplərin tətbiq edilməsi üçün hər kəsin ədalətli və qərəzsiz məhkəmə tərəfindən işinə baxılması məqsədlə müəyyən addımlar atılıb. Elektron məhkəmə sisteminin yaradılmaslı haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamına müvafiq olaraq AM 2014-cü ildən bu işlərin birinci mərhələsi həyata keçirilir. AM-nin azərbaycan, ingilis və rus dillərində saytı fəaliyyət göstərir. AM strukturu, hakimlər haqqında məlumatlar, ümumiyyətlə məhkəmənin fəaliyyətinə dair xəbərlər və hətta baxılacaq işlərə dair məlumatlar yerləşdirilir: "Məhkəmə elə bir orqandır ki, hər kəs ona müraciət edir. Vaxtilə məhkəmələr haqqında belə bir fikir formalaşmışdı ki, guya məhkəmələr bir cəza orqanıdır. Əksinə, məhkəmə insanların güvəndiyi bir hakimiyyətdir ki, insanlar bu vasitə ilə öz hüquqlarını qoruyurlar. Bütün insanların pozulmuş hüquqları, bütün hüquqi mübahisələr demokratik cəmiyyətdə məhkəmələr vasitəsilə öz həllini tapır. Ancaq məhkəmələrin fəaliyyəti elədir ki, bütün dünyada onunla bağlı narazılıqlar olur. Bir tərəf uduzur və uduzan tərəf həmişə narazı olur. Ancaq məhkəmənin vəzifəsi ondan ibarətdir ki, qəbul etdiyi qərar inandırıcı olsun. Çünki, uduzan tərəf də qərarla tanış olanda görsün ki, qərar ədalətlidir. Əlbəttə məhkəmələrin fəaliyyətində nöqsanlar da var. Bu nöqsanları jurnalistlərin tənqid etmək hüququ mövcuddur. Ancaq bir şərtlə ki, bu tənqid qərarlar qəbul ediləndən sonra olsun. Belə olan halda verilən informasiyalar həm cəmiyyət, həm də məhkəmələr üçün xeyirli olar".


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00