Gözünüz aydın, dostlar!

Elçin Hüseynbəyli

Şənbə günündən başlanan döyüşlər bir neçə məqamı üzə çıxardı. Bu məqamların sevindirici tərəfi odur ki, mən xalqımızın gözündə sevinc, qəlbində iftixar duydum. Uşaqdan böyüyə, fəhlədən ziyalısına kimi - statusundan və yaşından asılı olmayaraq hamı sevinirdi. Mən 90-cı illərin ab-havası ilə indikini tutuşdurdum. O zaman rusların köməyilə Xocalı qırğını törədiləndə xalqın gözündə vahimə, ruhunda bir ümidsizlik vardı. "Ermənilər filan yeri aldılar, filan qədər adamı qırdılar" deyirdilər. İndi isə əksinə, hamı böyük inam və ümidlə danışırdı. Hətta olmayan hadisəni belə özlərindən uydurub, "filan yeri də ordumuz aldı" deyə sevinirdilər. Xalqın düşüncəsindəki qələbə real qələbəni xeyli qabaqlayırdı. Çünki bu xalq uzun illərdir ki, qələbəyə tamarzıydı. Mən buna hər yerdə rast gəldim: parklarda da, avtobusda da, dayanacaqlarda da, xeyir-şərdə də. "Gözünüz aydın, deyirdilər, rayonumuz bu gün- sabah azad olunacaq. Toyumuzu da öz yerlərimizdə edəcəyik."
Düzü, mən qələbənin sevincini gen-bol yaşadım. Həmişə 1945-ci il qələbəsini qeyd edənlərə paxıllığım tuturdu, çünki onlar ürəkdən sevinir və gələcəyə böyük ümidlə baxırdılar. Əlbəttə, böyük və əsas qələbə qabaqdadır, əsası odur ki, xalqın ruhu dirildi.
Başqa bir məqam isə, dostlar, dost və düşmənlərimizin kimliyilə bağlıdır. Bir neçə günlük döyüş zamanı bizə dost olan ölkələri də, düşmən münasibət göstərənləri də tanıdıq. Beynəlxalq təşkilatların dişsizliyini də, təpkilərini də gördük. Məni ən məyus edən və qəzəbləndirən BMT və onun baş katibi oldu. Savaşı durdurun deyən BMT baş katibi, deyəsən, özlərinin qəbul etdiyi dörd qətnamədən xəbərsizdir. Baş katib həmin qətnamələri unudubsa, bəs mən niyə onun adını yadımda saxlamalıyam? Əvəzində həmin qətnamələri Avropa Şurasının prezidenti yada saldı.
Gözünüz aydın, dostlar, onu da bir daha yəqin elədik ki, Minsk Qrupu heç nəyə yaramır. 22 ildir ki, atəşkəs elan olunub, amma münaqişənin həlli üçün heç bir iş görülməyib.
O da aydın oldu ki, ötən illər hədər getməyib. Dünya ictimaiyyəti, boynuna almasa da, kimin kim olduğunu artıq başa düşüb. Bu, Azərbaycan diplomatiyası və ölkə rəhbərliyinin qələbəsidir.
Ən kədərli məqam isə cavan-cavan vətən övladlarının şəhid olmasıdır. Halbuki beynəlxalq təşkilatlar, xüsusən də fərsiz Minsk Qrupu istəsəydi, bu münaqişə çoxdan həll olunmuşdu.
Başınız sağ olsun, dostlar və qələbəmiz mübarək!!!
Aprel 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00