Zərif: “İran münaqişənin dinc yolla həlli üçün var gücü ilə çalışmağa hazırdır”
5 Aprel 2016 15:07 Sosialİranın Mazandaran əyalətinin Ramsər şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regionda baş verən proseslər, ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub. APA-nın İran bürosunun xəbərinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regionda mövcud olan böhranlara toxunaraq bildirib ki, hər kəs yeni böhran və problemlərin yaranmamasına çalışmalıdır. O, Dağlıq Qarabağda tez bir zamanda atəşkəsin bərpasının zəruriliyini vurğulayıb: "İran münaqişənin dinc yolla həlli məqsədilə var gücü ilə çalışmağa hazırdır". Azərbaycan və İran XİN başçılarının ikitərəfli görüşündə qarşılıqlı əlaqələrin inkişafı yollarını müzakirə edib və iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafının zəruriliyi vurğulanıb. E. Məmmədyarov Azərbaycanın Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinə sərmayə yatırmağa hazır olduğunu bildirib.