2073 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub
5 Aprel 2016 15:06 Sosial2016-cı ilin fevral və mart aylarında Bakı, Mingəçevir, Şəmkir, Ucar, Ağcabədi, Ağstafa, Ağdam, o cümlədən Kəlbəcər şəhər və rayonları üzrə 10 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da ATŞ-ə qoşulan təhsil müəssisələrinin sayı 2073-ə çatıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib. ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edə bilir.