Nobel prospektində yeraltı keçid inşa olunur

Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu səbəbdən sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib. Belə ki, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitıələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər. Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq. Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşaası işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00