Dünya Azərbaycanlıları Konqresi bəyanat yaydı

Ermənistan silahlı qüvvələrinin növbəti dəfə aprelin 2-nə keçən gecə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutmasını pisləyir və bunların dərhal durdurulmasını tələb edirik. Dünya Azərbaycanlıları Konqresinin (DAK) yaydığı bəyanatda belə deyilir. Bəyanatda o da qeyd edilir ki, Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavabı vermiş və bu təxribatçı siyasətlərini davam etdirəcəkləri təqdirdə cavab verməyə davam edəcək. 90-cı illərin əvvəlində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olub və təəssüf ki, bu gün də davam etdirilir. Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir. Dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaqdan ötrü təcili hərəkətə keçməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir. Xüsusilə də ATƏT-in Minsk qrupu bütün imkanlarından istifadə etməlidir ki, Ermənistanın bu hərbi təcavüzünün qarşısını alsınlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00