Gənc bəstəkardan "Silahlar sussun" deyən Eldar Qasımova CAVAB
5 Aprel 2016 13:49 Sosial"İndiki həssas məqamda Eldarın bu cür açıqlama ilə çıxış etməsindən çox təəssüfləndim. O, bu gün düşmənlə döyüşən əsgərlərimizə mənəvi dəstək olmaqdansa, silahı yerə qoymaqdan, danışıqlar masasına əyləşməkdən danışır". Bu fikirləri Turkustan.info saytına açıqlamasında gənc bəstəkar Çilənay Hüseynova söyləyib. Ç.Hüseynova bildirib ki, tolerantlıq, sülhsevərlik, insanpərvərlik çox vacibdir. Lakin, cəbhədə qızğın döyüşlərin getdiyi, şəhidlər verdiyimiz indi məqamda gənclərə örnək ola biləcək tanınmış sənətçinin belə açıqlama verməsi hazırkı situasiyaya uyğun deyil: "İndi hər kəs ordumuzun yanında olmalıdır. Kim harada, necə bacarırsa... Bunu bacara bilməyənlər isə sussalar yaxşıdır".
Xatırladaq ki, Eurovision müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov hazırda cəbhədə gedən döyüşlərə münasibət bildirərkən "Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağa və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyə çağırıram" deyə açıqlama verib.