Dövlət müşaviri: "Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq"

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) ilə görüşüb. "Olaylar"ın məlumatına görə, dövlət müşaviri Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə C. Həmbrikə minnətdarlığını bildirib: "Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır". Onun sözlərinə görə, İ. Əliyevin sərəncamı ilə təxminən ilyarım əvvəl təsis olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanın dövlət və xalq olaraq multikulturalizmə verdiyi dəyərin bu Mərkəz vasitəsilə bir çox ölkələrə çatdırılmasıdır. O, deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə "Azərbaycan multikulturalizmi" fənni Avropanın bir çox universitetlərində, bütövlükdə isə dünyanın 13 ölkəsinin ali təhsil ocaqlarında tədris edilir. Həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri təşkil olunur: "Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmini öyrənən tələbələr yay və qış məktəblərində iştirak edərək bunun əyani şahidi oldular". C. Həmbrik də öz növbəsində AzərbaycanlaNevada ştatı arasında müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməyin vacibliyindən söz açıb. Görüşdə ilkin olaraq yaxın gələcəkdə Nevada Ştatının ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi ilə bağlı tanışlıq mühazirələrinin, sonrakı mərhələdə isə Nevada universitetlərindən birində "Azərbaycan mulıtikulturalizmi" fənninin tədrisinin təşkili qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00