Binəqədidə silsilə tədbirlər keçirilib

Binəqədi rayonunda əlamətdar günlərin qeyd olunması ilə bağlı tədbirlər davam edir. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, 12 Noyabr  Azərbaycan Respublikası Konstitusiya günü münasibətilə Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin "Anamın Kitabı" pyesi səhnələşdirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilmiş, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub. 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında "Əməkdar Mədəniyyət İşçisi", şair - dramaturq İftixarın əsasında "Qalx ayağa Azərbaycan" tamaşası səhnələşdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri,  rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31