Aprel döyüşləri Azərbaycanın gücünü göstərdi - ÖZƏL
2 Aprel 2025 16:07 Siyasət"Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq və gücünün növbəti göstəricilərindən biridir. Azərbaycan Aprel döyüşləri nəticəsində Ermənistana növbəti dəfə başa saldı ki, Azərbaycana qarşı təxribatlar törətmək, Azərbaycan ərazilərinə qəsdlər həyata keçirmək, ölkəmizə qarşı "maşa" rolunda çıxış edib təxribatçı mövqelər ortaya qoymaq ancaq Ermənistanın özü üçün ziyandır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında qeyd edib:
"Azərbaycanın həyata keçirdiyi aprel əməliyyatları Azərbaycan ordusunun gücünü ortaya qoydu və Ermənistana, onun havadarlarına mesaj vermiş oldu ki, Azərbaycan heç vaxt Ermənistanın işğal prosesi ilə barışmayacaq. Azərbaycan siyasi mənada öz əraziləri uğrunda danışıqların, sülhlə bağlı çağırışların bitəcəyi fonda müharibə ilə öz torpaqlarını işğaldan azad edəcəyini növbəti dəfə nümayiş etdirmiş oldu. Aprel döyüşləri 44 günlük vətən müharibəsinə gedən yolda ən önəmli başlanğıclardan biri oldu və Azərbaycanın adını növbəti dəfə dünyaya tanıtdı".
Qeyd edək ki, aprel döyüşləri 2016-cı il 2-5 aprel tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş qısamüddətli, lakin intensiv hərbi münaqişədir. Döyüşlər əsasən Qarabağ cəbhəsində, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində baş verib.
Bu döyüşlər Azərbaycan ordusunun hərbi gücünü və yeni strategiyalarını nümayiş etdirdi, eyni zamanda Qarabağ münaqişəsinin həlli məsələsini yenidən gündəmə gətirdi.
Zeynəb Mustafazadə