“Ermənistan ekologiyanı siyasi manipulyasiya vasitəsinə çevirməməlidir" — ÖZƏL

"Ermənistan rəsmilərinin Azərbaycanın Cermuk (İstisu) və Şikahox (Şıxovuz) istiqamətlərində meşələrin qırılması ilə bağlı səsləndirdiyi iddialara ilk növbədə siyasi kontekstdə yanaşmaq lazımdır. Çünki Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı zamanı təbiətimizə vurduğu zərər ortadadır və bu barədə çoxsaylı faktlar, foto və video materiallar var. İndi Ermənistan tərəfinin ekoloji məsələləri gündəmə gətirməsi, özünü ətraf mühitin qorunmasının təşəbbüskarı kimi təqdim etməsi müəyyən siyasi məqsədlər daşıya bilər. Burada əsas məqsədlərdən biri beynəlxalq ictimaiyyətin diqqətini işğal dövründə Azərbaycan ərazilərində törədilmiş ekoloji cinayətlərdən yayındırmaq, eyni zamanda özünü məsuliyyətli və konstruktiv tərəf kimi göstərmək cəhdi ola bilər".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Ermənistan rəsmisinin "Təbiət sərhəd tanımır" fikrinə gəlincə, bu ifadə prinsip etibarilə doğrudur. Həqiqətən də, ətraf mühitin mühafizəsi dövlətlərin birgə əməkdaşlığını tələb edir. Ancaq təbiətin sərhəd tanımaması heç də dövlətlərin hüquqi məsuliyyətini aradan qaldırmır. Əksinə, ekoloji problemlərin həlli üçün ilk növbədə faktların obyektiv araşdırılması, vurulmuş zərərin müəyyənləşdirilməsi və məsuliyyət məsələsinə aydınlıq gətirilməsi vacibdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki vəziyyətə nəzər salaq. Uzun illər ərzində meşələrimizin qırılması, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, çayların və digər təbii sərvətlərin çirkləndirilməsi ilə bağlı ciddi faktlar qeydə alınıb. Bu ərazilərdə ekosistemə vurulan zərərin nəticələrinin aradan qaldırılması, meşələrin bərpası və təbii mühitin sağlamlaşdırılması Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdəndir. Belə bir reallıq fonunda Ermənistan tərəfinin yeni ekoloji iddialar irəli sürməsi müəyyən suallar doğurur. Əgər İrəvan həqiqətən də ətraf mühitin qorunmasında maraqlıdırsa, onda bu məsələ siyasi bəyanatlar səviyyəsində qalmamalı, konkret faktlar, şəffaf monitorinq və qarşılıqlı məsuliyyət prinsipləri əsasında müzakirə edilməlidir. Beynəlxalq maliyyə mənbələrinə birgə müraciət məsələsi də yalnız bu prinsiplər əsasında qiymətləndirilməlidir. Belə proqramlar sülhə və regional əməkdaşlığa töhfə verə bilər. Lakin bunun üçün Azərbaycanın milli maraqları, suverenliyi və işğal dövründə vurulmuş zərərin obyektiv qiymətləndirilməsi diqqətdən kənarda qalmamalıdır.

"Hesab edirəm ki, Ermənistanın ekoloji məsələlərə münasibəti onun sülhə və normal qonşuluq münasibətlərinə nə dərəcədə hazır olduğunu göstərən meyarlardan biri ola bilər. Ekologiya siyasi manipulyasiya vasitəsinə çevrilməməli, regionda etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməlidir. Bunun yolu isə keçmişdə baş verənləri unutmaqdan deyil, tarixi faktları qəbul etməkdən, məsuliyyətə hörmətlə yanaşmaqdan və gələcəyə real əməkdaşlıq prinsipləri əsasında baxmaqdan keçir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31