Ermənistanın konstitusional dəyişiklikləri regionda sülhün təminatıdır- Tural İsmayılov - ÖZƏL
1 Aprel 16:07 SiyasətErmənistanda konstitusiyaya dəyişiklik məsələsi aktuallaşıb və hakimiyyət bunu həyata keçirməyə hazırdır. "Fakt" qəzeti yazır ki, Azərbaycanın tələblərinin icrası Ermənistan dövlətçiliyinin parçalanmasına səbəb ola bilər və hakimiyyət dəyişikliyi xilas yolu kimi göstərilir.
Eyni zamanda, Ermənistan Qərb-Rusiya qarşıdurmasının meydanına çevrilir. Qərb sülh prosesini dəstəkləyərək Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılmasını, Rusiyanın təsirinin azalmasını hədəfləyir. Bundan əlavə, Ermənistanın iqtisadi asılılığını Rusiyadan Türkiyə və Avropa bazarlarına yönəltmək istəyirlər.
Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edərsə, bu, ciddi fəsadlara yol aça bilər. Cənubi Qafqazda yeni müharibə riski artır və Bakı tələblərini məhdudlaşdırmaq niyyətində deyil.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az- açıqlama verib.
"Görürük ki, Ermənistandakı hakimiyyət ölkəni idarə edə bilmir. Nəticədə bugün Ermənistan ciddi şəkildə gələcəyi bəlli olmayan bir burulğana daxil olubdur. Bu hal Ermənistan üçün birmənalı şəkildə əlavə problemlər yaradır. Hazırda Ermənistanın istər daxili , istərsə də xarici siyasətində ciddi rabitəsizlik höküm sürür. Ermənistanın gələcəyi ilə bağlı ortada heç bir aydın təsəvvür və imkanlar mövcud deyil. Hadisələrin bu fonda olan inkişafı onu söyləməyimizə əsas verir ki, Ermənistanın içərisində təkcə müxalifətdə yox, hökümətin də içərisində ciddi şəkildə revanşizm əhval-ruhiyyəsi var. Həmçinin son yarım ay ərzində Ermənistanın hər gün Azərbaycan əleyhinə provokasiyalar törətməsi Ermənistanın real mahiyyətinin nədən ibarət olduğunu , hansı işğalçı və təxribatçı zehiniyyətə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Digər tərəfdən Ermənistan mütləq konstitusiyasında dəyişiklik etməlidir. Çünki Ermənistan Azərbaycan və Türkiyə əleyhinə ərazi iddiaları olan konstitusiyasını dəyişmədən hansısa bölgəsəl inkişafdan, inteqrasiyadan dəm vura bilməz. Faktiki olaraq Cənubi Qafqaz regionunda rifah, sülh , sabitlik və dövlətlərarası normal münasibətlərin formalaşması üçün mütləq Ermənistan konstitusiyasında yer alan Azərbaycan ərazilərinə iddialar aradan qaldırılmalıdır. Ərazi iddiaları aradan qalxmadan , Azərbaycana qarşı müxtəlif təxribatları gələcəkdə özündə birləşdirən konstitusiyalı dövlət sənədlərini dəyişmədən mən regiona sabitliyin gələcəyini, ermənistanın sülhlə bağlı səmimi niyyətinin olduğunu düşünmürəm".
Zeynəb Mustafazadə