Elmar Məmmədyarov: “Azərbaycan heç bir antisemitizm halı müşahidə olunmayıb”

"Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində səyləri daha da gücləndirəcək və bununla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək". Bunu xarici işlər naziri Elmar Məmmədyarov AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib. Azərbaycanda il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək: "Fikir müxtəlifliyi çox önəmlidir, biz bir-birimizi dinləməyi bacarmalıyıq. AŞPA üzvlərini Azərbaycanda keçirilən tədbirlərdə iştiraka dəvət edirəm".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda tarixən islam, xristian və yəhudi icmaları tolerantlıq şəraitində yaşayıb: "Bu 3 əsas dinin daşıyıcıları Azərbaycan kimi kiçik ölkədə bir arada yaşayır. Azərbaycanda heç bir antisemitizm halı müşahidə olunmayıb. Bu, bizim səylərimiz nəticəsində yaranan dözümlülükdür".
Xarici işlər naziri Cənubi Qafqazda ümumdaxili məhsulun 70 faizinin Azərbaycanda istehsal edildiyini nəzərə çatdırıb: "Hazırda Azərbaycanda yoxsulluq 5,3 faizə enib. Azərbaycanın iddialı planları var. 2020-ci ilə qədər inkişafla bağlı konsepsiya qəbul edilib. İnkişaf ilk növbədə enerji resurslarının idarə edilməsindən asılıdır. Neft sektoru ilə bərabər qaz sektorunun inkişafı da önəmlidir. "Şahdəniz " qaz yatağının işlənməsi və TANAP kəmərləri ilə bağlı imzalanan müqavilələr çox mühümdür".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00