“Ermənilər Sərsəngdən iqtisadi müharibə kimi istifadə edirlər” - FİKİR

Zahid Oruc: “Azərbaycan ərazilərinə sahib olmaq istəyən, onun su hövzələrindən də yararlanmaq və qəsb etmək ermənilərin əleyhinə çevrilməlidir”

Millət vəkili Zahid Oruc ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sərsəng su anbarından ortaq istifadə edilməsi barədə təklifinə münasibət bildirib. Z.Oruc qeyd edib ki, ermənilər Sərsəng su anbarını iqtisadi və ekoloji silaha çeviriblər. Millət vəkilinin sözlərinə görə, müəyyən vaxt axınının qarşısını alıb suları anbarda toplayaraq, birdən-birə onun qarşısını açmaqla daha çox təsərrüfatlara zərbə vurmaq, müxtəlif sahilbərkitmə tədbirlərinə əngəlləmək, eyni zamanda bununla Azərbaycanın qayğılarını artırmaq mövqeyini tuturlar: "İkinci tərəfdən su zəhərləndirilərək, bio-tullantılarla çirkləndirilərək, həmçinin bu vasitə ilə müxtəlif ziyanverici həşəratlar Azərbaycan təbiətinin üzərinə yönləndirilir. Bu da iqtisadi müharibələrin ən effektlilərindən biri kimi özünü göstərib. Həmin problemlərlə bağlı Azərbaycan beynəlxalq təşkilatların hər birində fəal məsələlər qoymuşdu. İndi bununla bağlı Avropa Şurasında bir məruzəçi təyin edilib. Zənn edirəm ki, bunun paralelində ABŞ-ın Sərsəng su anbarından müştərək istifadə barədə təklifi varsa, bu çətin təsəvvür oluna bilər. Çünki indiyədək ermənilərlə vahid formada istifadə olunan hansısa məkan, qurğu aləti və s. yoxdur. Sərsəng su anbarı nümunə olardı. Amma bütün hallarda Azərbaycan ərazilərinə sahib olmaq istəyən, onun su hövzələrindən də yararlanmaq və qəsb etmək ermənilərin əleyhinə çevrilməlidir. Biz bunları gözləyirik". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00