Qərbin Dağlıq Qarabağ üzərindəki diplomatik ağırlığının mənası
Stepan Qriqoryan: “Ermənistana təzyiq etmək daha asandır, çünki biz Rusiyanın əlində olan imkanlara sahib deyilik”
22 May 2014 16:57 SiyasətRusiyanın Ukrayna revanşı ilə ABŞ üzərindəki üstünlüyü Dağlıq Qarabağ münaqişəsini avtomatik olaraq Obamanın gündəliyinə saldı. Krımın Rusiyaya birləşdirilməsilə Dağlıq Qarabağ problemi ətrafında suallar çoxalmağa başladı. Qərb və Rusiya mediası bu barədə düşündürücü tezislər ortaya qoydu. "Krım məsələsinin Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı" - son həftələrdə tez-tez səsləndirilən sualdır. Azərbaycan və Ermənistan tərəfi də təsirinin olacağı qənaətindədir. BMT-nin 27 mart toplantısında Krımda keçirilən referenduma 100 dövlət "etibarsızdır" dedi. Ermənistan, Belarus, Kuba, Venesuela, Sudan və Şimali Koreya Rusiyanın lehinə səs verdilər. Ermənistan hakimiyyəti mövqeyini "Xalqların öz gələcək müqəddaratını təyin etmək haqqının pozulmasına icazə verməyəcəyik" formasında müdafiə etdi. Ermənistan prezidentinin müşaviri Edvard Şarmazanov açıq şəkildə Rusiyanın ölkəsinin strateji müttəfiqi olduğu üçün belə bir qərar verdiklərini bildirdi. Lakin Serj Sərkisyanın Krım mövqeyi erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı və etirazlara səbəb oldu. Keçmiş xarici işlər naziri Vardan Oskanyan iqtidara "Ermənistan bununla beynəlxalq planda avtoritar ölkələr siyahısına daxil ola bilər. Ukrayna səsverməsində iştirak etməyə bilərdik" xəbərdarlığını etdi. Lakin Krımın Rusiyaya ilhaq edilməsilə ermənilər tərəfindən qondarma "respublika"nın "rəsmi tanınması", yaxud "Ermənistana birləşdirilməsi" tezisləri ortaya atıldı. Krımın ilhaq qərarı verilərkən Putinin buna "xalqların öz gələcək müqəddaratını təyin etmək haqları var" siyasi donunu geyindirdi. Təbii ki, martda baş verən proseslər Azərbaycan tərəfindən narahatlıqla izlənilirdi. Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini bərpa etmək marağında olduğunu deyən azərbaycanlı analitiklər Krımın federasiyaya birləşdirilməsi ssenarisinin Dağlıq Qarabağ üçün də keçərli olduğunu bildirirdilər. Hətta rus deputat Vladimir Jirnovski Qarabağın da Rusiyaya birləşdirilməsi təklifini irəli sürdü. 1994-cü ildən bu yana ATƏT-in Minsk Qrupu daxilində tamamilə ermənipərəst mövqe sərgiləyən Rusiyanın belə bir addım atmaq təhlükəsi vardı. Krımdan sonra separatçılıq fəaliyyətlərinin Şərqi Ukraynaya sıçraması ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ətrafında aktivliyini artırması üçün stimulyator rolunu oynadı. Amerika Ermənistanın Rusiya ilə strateji müttəfiqliyini, rus hərbi bazalarının 2044-cü ilədək erməni ərazilərinə qalması, İrəvanın ilin əvvəllində Moskva ilə imzaladağı təbii qaz sazişi, Avropa İttifaqı əvəzinə Gömrük Birliyinə daxil olmaq qərarlarını da nəzərə alır. Amerikanın diplomatik fəallığı Ermənistan daxilində narahatlıq yaradır. Hətta politoloq Stepan Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın təhlükəsizliyi üçün təhdid modeli olduğunu bildirdi. Qriqoryan qeyd etdi ki, Ermənistan öz suverenliyini itirmək təhlükəsilə üzləşib: "Qərbin Rusiya təzyiqləri Ermənistana da təsir edəcək. Ermənistana təzyiq etmək daha asandır, çünki biz Rusiyanın əlində olan imkanlara sahib deyilik. ABŞ və Avropa Ermənistana qarşı mövqeyini dəyişəcək. Hakimiyyətin BMT-nin toplantısında Krım məsələsinə görə, Rusiyanın lehinə səs verməsinin ağırlığını üzərimizdə hiss edəcəyik".
Sərkisyan: "ABŞ-ın Qarabağ siyasəti şübhəlidir"
Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürdüyü 6 prinsip Ermənistan hakimiyyəti və cəmiyyətini silkələdi. Hərçənd ki, Uorlikin prinsipləri tamamilə Ermənistanın əleyhinə olmasa da Ağ Ev ilkin mərhələdə Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması məsələsini gündəmə gətirdi. Bu isə ilk dəfə Amerika tərəfindən açıq şəkildə Ermənistanın işğalı dövlət elan edilməsi idi. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi vacibliyini ortaya qoyur" açıqlaması erməni cəmiyyəti tərəfindən bomba effektilə qarşılandı. Sərkisyan hakimiyyəti artıq Ağ Evin Qarabağ siyasətinin şübhəli olduğunu iddia edir. Hakimiyyət bildirir ki, məsələ həll edilsə, bu tamamilə Azərbaycanın maraqları çərçivəsində olacaq. Erməni politoloq Manvel Sərkisyan da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində qəti addımlar atacağını dedi. Sərkisyana görə, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi tamamilə Azərbaycanın lehinədir. Proseslərin tamamilə Ermənistanın lehinə olduğunu nəzərə alan Manvel Sərkisyan məsələnin həllində yalnız münaqişəyə aid tərəflərin iştirakının vacibliyini dedi. Çünki müəyyən mənada Qərb Azərbaycanın lehinə addım atmış kimi görünür, bu isə Ermənistanın milli mənafeyinə ziddir. Ermənistan Qərbin aradan çəkilməsinin tərəfindədir. Çünki belə olacağı təqdirdə Azərbaycan yenə də Rusiya-Ermənistan tandemilə təkbətək qalacaq. İrəvan heç vaxt geosiyasi planlarına görə, Moskvanın onu tək buraxmayacağını bilir. Bundan sonra yaranacaq vəziyyət isə təbii ki, ermənilərin maraqlarına uyğun olacaq.
Sərkisyandan Ermənistana qamçı siyasəti şapalağı
"Modus Vivendi" Mərkəzinin direktoru Axtar Papyan Gömrük İttifaqına daxil olmaqla Ermənistanın Qarabağı itirdiyini bildirir. Papyan hesab edir ki, Rusiya və Qərb arasında qarşıdurma kəskinlkəşəcəyi təqdirdə Kreml heç vaxt Ermənistanı müdafiə etməyəcək: "Qərb Dağlıq Qarabağ münaqişəsi ətrafında aktivliyini artırıb. Lakin onun atdığı addımlar hələlik xəbərdarlıq xarakterinə sahibdir. Qərb Dağlıq Qarabağla bağlı Ermənistana qarşı daha sərt mövqe ortaya qoyur. Bu isə təbii ki, bizim maraqlarımıza ziddir. Ermənistan keçən illər ərzində Rusiyaya ümid etməklə boş arzular arxasında olub. Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr bunu sübut edir. Sərkisyan hakimiyyəti Gömrük İttifaqına üzv olmağa razı verməklə bir daha Avropaya "Ermənistanın yalnız qamçı siyasətindən yaxşı başı çıxır" mesajını verdi". Axtar Papyan qeyd edib ki, Rusiya faktoruna görə, Qərb Ermənistana ayırdığı kredit və iqtisadi yardımlardan da imtina edir.
"Krım Qarabağ qovluğu"ndakı sirlər
Krım ssenarisinin Dağlıq Qarabağ üçün də təkrar olunacağı barədə səsləndirilən suallar çoxalanda Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu iki məsələnin tamamilə fərqli meyarlara sahib olduğunu bildirdi. XİN-nin bəyanatı həm də ABŞ tərəfindən xəbərdarlıq siqnalı kimi qəbul olundu. Təbii ki, Vaşinqton məsələni Krım modeli çərçivəsində yox, bunun tamam əksi istiqamətində - Ağ Evin tapşırığı üzərindən Uorlikin irəli sürdüyü 6 prinsip əsasında dəyərləndirilməlidir. Lakin Amerikanın bu təklifi Azərbaycanın lehinə olduğu qədər də ziyanınadır. Ətraf rayonların qaytarılmasından sonra Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsinin qeyri-müəyyən vaxta təyin edilməsi şübhələr yaradır. Ətraf rayonların qaytarılması ilə Azərbaycanı öz tərəfinə çəkmək istəyən Qərb Dağlıq Qarabağın aralıq statusu məsələsini gələcəkdə təsir rıçağı kimi dondurulmuş münaqişəyə çevirir. Rusiyanı mühasirəyə almaq siyasəti yürüdüən Qərb Azərbaycanda kök atmaqla federasiyaya bir qədər də yaxınlaşmaq niyyətindədir. Təbii ki, Ukrayna məsələsi Rusiyanın əleyhinə həll ediləcəyi halda Qərb müəyyən vaxtdan sonra Moskvanın siyasi ənənəsinə uyğun olaraq, Dağlıq Qarabağ vasitəsilə regionda müharibə ocağını üfürməklə məşğul olacaq. Konkret olaraq Dağlıq Qarabağ ətrafında yaranmış diplomatik fəallıq tamamilə Qərbin maraqlarına ölçülüb. ABŞ 20 ildən sonra məsələni gündəmə gətirməklə indiyədək Ermənistan-Rusiya tandeminin işğalçılıq siyasətini gözardı etdiyini sübuta yetirdi. Problemin həll edilməsində əsas vasitə Minsk Qrupu və Qərbin apardığı danışıqlardan imtina edib, müzakirələri Rusiya-Azərbaycan müstəvisində keçirilməsi ola bilər. Rusiyanın Azərbaycan ərazilərinin işğal edilməsində məsuliyyət daşıması faktorunu nəzərə alsaq, onun geri qaytarılmasının sirlərinin də "Kremlin Qarabağ qovluğu"nda olduğu məlumdur. Ukrayna və Suriya məsələlərində Qərbi pas vəziyyətinə saldığı üçün üstünlük hələlik Rusiyanın tərəfindədir. Belə vəziyyətdə isə Qərbin Dağlıq Qarabağ aktivliyi məntiq ortaya qoya bilməz.