ATƏT Dağlıq Qarabağ probleminə yanaşmada səhv mövqe tutub - ŞƏRH

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha bir səfəri başa çatdı. Bu dəfə də vasitəçilər ölkəmizin ərazi bütövlüyünü kobud şəkildə pozaraq Ermənistan ərazisindən işğal altında olan Kəlbəcər və Laçın rayonlarına keçdilər. Həmsədrlərin ermənipərəst mövqeyi Bakıda heç də cavabsız qalmadı. Belə ki, iki gün Azərbaycanda olan vasitəçilər nə dövlət başçısı, nə də xarici işlər naziri ilə görüşməyə müvəffəq oldular. Onları yalnız Azərbaycanın müdafiə naziri qəbul etdi. Vasitəçilərin Bakıda keçirdiyi görüşlərdən sonra səslənən fikirlərdə qeyd olunurdu ki, həmsədrləri məhz Azərbaycanın müdafiə nazirinin qəbul etməsi təsadüfi deyil. Belə ki, rəsmi Bakı bununla vasitəçilərə səmərəsiz fəaliyyət göstərdiklərini bildirir və problemin həllinin hərbi yolla mümkün olduğunu onların diqqətinə çatdırır.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyir ki, artıq 90-cı illərin sonlarından Azərbaycanın əsasən müxalif siyasi çevrəsi ATƏT-in Dağlıq Qarabağ problemində vasitəçi kimi missiyasının nəticəsiz olacağını bildirmişdi: "Bunun tamamilə bir həqiqət olduğu bu gün sübut olunmaqdadır. 20 ildən artıq vasitəçilik etməsinə baxmayaraq ATƏT problemin həllində demək olar ki, bir metr də olsa irəliləyişə nail ola bilməyib. Əslində həm həmsədrlərin tərkibi, həm də ATƏT-in fəaliyyətinin xarakteri onun münaqişələri həll etmək gücündə olmadığını deməyə əsas verir.  Çətinlik həm də buradadır ki, həmsədr ölkə olan Rusiyanın Qafqazlarda marağı ilə digər həmsədrlər ABŞ və Fransanın marağı ilə toqquşur". Mütəllim Rəhimlinin sözlərinə görə, bu ölkələrin Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığa gəlməsi indiki halda mümkün deyil: "İkincisi, hətta təsəvvür edək ki, razılıq əldə olunub və ATƏT işğal olunmuş torpaqların boşaldılması ilə bağlı tövsiyyə verib. Axı Ermənistan onu icra etməyəcək. Üçüncüsü, ATƏT problemə yanaşmada əvvəlcədən səhv mövqe tutub,  Dağlıq Qarabağda yaşayan erməniləri xalq kimi tanıyır. İndi iki prinsip bir-birinə qarşı durur. Dövlətin ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddəratını təyin etməsi. Bu isə heç vaxt imkan verməz ki, problem həllini tapsın. Ona görə də Azərbaycan birmənalı olaraq ATƏT-in vasitəçiliyindən imtina etməlidir". Partiya rəsmisi deyib ki, Azərbaycanın siyasi rəhbərlərinin həmsədrlərlə görüşməməsini təqdir edir: "Onlar bilməlidirlər ki, bizim cəmiyyətdə etimadlarını itiriblər. Hökumətin münasibəti də buradan qaynaqlanır. İqtidarın bu davranışının bir mühüm əhəmiyyəti də odur ki, müharibəyə hazırlıqla bağlı bəyanatların söz yığını olmadığını nümayiş etdirir. Yəni sülh planı üzərində uzun illərdir faydasız işləyən vasitəçilərdən imtina ediriksə, deməli, müharibə başlayır. Bu Ermənistana da çox yaxşı bir mesajdır. Artıq bu işğalçı ölkə başa düşməlidir ki, problemin konservləşdirilməsi ilə bağlı cəhdləri və ona verilən beynəlxalq dəstək daha effekt verməyəcək. Ona görə də ya işğal etdiyi torpaqları boşaltmalıdır, ya da çox ciddi şəkildə cəzalandırılacağını və müharibə nəticəsində viran qoyulacaq ərazilərini göz altına almalıdır".

Politoloq Nurəddin İsmayılov isə deyir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti onsuz da səmərəsizdir: "Həmsədrlər fəaliyyət göstərdikləri bu illər ərzində Dağlıq Qarabağ probleminin həllinə nəinki nail olub, əksinə onun həllini düyünə salıblar. Ona görə də onların regiona səfərlərindən hansısa müsbət addım gözləmək mənasızdır". Politoloq hesab edir ki, bu gün həmsədrlər açıq şəkildə Ermənistanın mövqeyinə xidmət edən fəaliyyət nümayiş etdirirlər: "Onların bu dəfə də Azərbaycanın əraziləri olan Laçın və Kəlbəcərə Ermənistan ərazisindən keçməsi bunun əyani sübutudur. Həmsdrlərlər bununla açıq şəkildə ərazi bütövlüyümüzü tanımadıqlarını ortaya qoyurlar". Nurəddin İsmayılovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli missiyası ATƏT-in Minsk Qrupundan alınmalıdır: "Əks halda bu proses daha neçə 10-20 il davam edəcək. Ortada isə heç bir irəliləyiş, müsbət nəticə olmayacaq. Bu hər kəsə bəllidir. Hesab edirəm ki, Azərbaycan yalnız hərb yolu ilə işğal altında olan ərazilərini geri qaytara bilər"

Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00