“Qara camaat”ın sevimlisi beləmi olur?
22 May 2014 16:33 SiyasətMəşədi Cəfər
Bir para adamlarımız Rusiya prezidenti Vladimir Putinə simpatiya bəsləməyə başlayıblar. O qədər əzizləyirlər ki, lap bu kişiyə adını doğmalaşdırıb Vəlidəmir Budun deməyi gəlir. Nəyimiş, Putin dünya imperializminə qarşı çıxır, dünyanı təkqütblü olmağa qoymur, yəhudilərin yönəltdiyi ABŞ-ı saymır, superdövlətə əks gedir və s.
Xəlqimin bir para övladlarının qəlbində Putinə sevgi 10 il öncədən yaranıb. Putin SSRİ vaxtı məşhur olan və bütün Sovet xalqlarının sevimlisinə çevrilmiş sənətkarların bir-bir evinə gedir, onları təbrik edir, mükafatlar verirdi. Putin milli rus istehsalına nail olmağa çalışır, rus brendlərinin dünyada yayılmasına çalışırdı. Putin bütün keçmiç SSRİ xalqlarının "biz qüdrətli dövlət idik", "ilk Aya uçmuş dövlət idik", "dünyanın nəhəngi idik" nostaljisindən məharətlə istifadə edirdi. ABŞ və müttəfiqlərinin İraqda, Əfqanıstanda, Liviyada, Suriyada etdiklərinin fonunda Putinin elədikləri təbii və haqlı görünürdü. Adı çəkilən dövlətlərdə xalq üsyanları və xarici hərbi müdaxilələrlə azğınlaşmış diktatorlar devrilsə də, bu ölkələrdə sabitlik yaranmadı. Əslinə baxsan, bu ölkələrdəki sabitsizlik də Rusiya və Şanxay dövlətlərinin "xidməti" idi. Amma Rusiya bundan sui-istifadə etdi. Eynilə Hitler Almaniyasının dünyanın bölünməsindən narazılığı kimi, bəyan etdi ki, madam ABŞ Yaxın Şərq ölkələrində bizim müttəfiqlərimizi devirib orada möhkəmlənir, biz niyə etməyək?
Arxasında ABŞ-ın dayandığı demokratiya dalğası Rusiya sərhədlərinə yaxınlaşdıqca, Putin qəzəblənməyə başladı. Ölkədaxili separatizmdən güclə can qurtarmışdı. İndi yenidən od-alovun içinə girmək olmazdı. Ona görə də, Putin Corc Buşun gəlib nümayişkaranə rəqs etdiyi Tiflisdən başladı. 2008-ci ildə ABŞ və Avropanı test etmək üçün Gürcüstana qoşun yeritdi. ABŞ və Avropanın gücü sərt bəyanatlara çatdı, Putin Abxaziya və Osetiyanı da qoltuğuna vurub Gürcüstandan çıxdı. Gürcüstan olayları hamının yadından çıxmışdı. Heç kim gözləmirdi ki, bir daha Rusiya belə qabalıq edər. Amma 2014-cü ildə, 6 il sonra Putin sınaqdan keçirdiyi metoduna yenidən qayıtdı. Avropaya meyllənən, Rusiyanın Avrasiya İttifaqı modelinə etiraz edən Ukraynanın cəzalandırmaq üçün bu ölkənin ərazisinə soxuldu. Bununla da Putin özünün "qara camaatın" gözündə yaranmış obrazını darmadağın etdi. Bu necə "dünya imperializminə qarşı çıxmaqdır" ki, özün başqa bir müstəqil dövlətin ərazisini qəsb edirsən? Bu necə "supergüclərə qarşı dayanmaqdır" ki, özün onlardan da betər qaba addımlar atırsan. Tarixə əsaslanıb başqa ölkələrin ərazilərini qəsb etmək nə zamandan ədalətli davranış sayılıb? Bir zamanlar "qara camaatın" sevimlisi olmuş Putin odla oynadığının fərqində olsa yaxşıdı. Tarixə boylansaq, indiki Rusiya ərazisi Moskva və ətrafını çıxmaqla türk torpağıdır. Şimali Qafqaz, Krım, Sibir, Volqoboyunda qədim türklər-qıpçaqlar yaşayıb. Kalininqrad germandilli xalqların vətənidir. Putin bu torpaqlara qarşı ərazi iddiasına hazırdırmı? Dünya xalqlarının bir çoxu öz tarixi torpaqlarını itiriblər. İndi onlar öz ata-baba torpaqları uğrunda mübarizəyə qalxsalar, dövlətlər biri-birinə qarşı savaşa qalxsalar dünyanın halı necə olar?
"Qara camaatın" sevimli lideri belə olmaz. Camaatı düşünər. Axı müharibə bütün insanlara zərərdir. Burada təkcə imperialistlər ölmür. Şairlər də, möminlər də, romantik sevgililər də ölür. Bir də ki 40 milyard manat sərvətə (bu pul hələ Putinin Qərb banklarında olan parasıdır) malik olub da "qara camaat"ın sevimlisi olmaq mümkün deyil. Rus mujikinə belə şeyləri yedirmək mümkün deyil. Kim bilməsə də, tatar balası Alina bizim dili bilir. Bunu oxusun və Volodyaya anlatsın. Bir az "xod"undan alsın, başqa millətin torpağından gözünü çəksin. Yaxşılıq pisini pisni təkrarlamaq deyil, yaxşı olmaqdır.