“Ukraynadan sonra postsovet məkanında münaqişələrin sülh yolu ilə həllini unutmaq lazım gələcək”

Hər hansı bir münaqişənin sülh yolu ilə həllinə uzun illər sərf etmək ağlabatan deyil. "OLAYLAR"a müsahibəsində məşhur rusiyalı ekspert Qriqori Trofimçuk bildirib ki, faktiki olaraq 20 il ərzində Qarabağ ətrafında eyni vəziyyət hökm sürür: "Boş yerə sülh bu qədər uzun müddət sürmür. Bu baxımdan Qarabağı rekordsmen saymaq olar. Bu rejimdə daha 20 sakit il keçirmək möcüzə olar. Ukraynadakı hadisələr onu deməyə əsas verir ki, Qarabağ uzun müddət kölgədə qala bilməyəcək və Ukrayna hadisələrinin girovuna çevriləcək. Təəssüf ki, Ukraynadan sonra postsovet məkanındakı münaqişələrin sülh yolu ilə həllini unutmaq lazım gələcək".

Ekspertin fikrincə, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı inciklikləri unutmaq üçün kifayət qədər praqmatikdir. Bu çox yaxşı göstəricidir.

"Azərbaycanın xarici siyasətində hər şey Kremli qane etmir. Kremli qane edən odur ki, ikitərəfli münasibətlər üzərində sovet keçmişinin kölgəsi yoxdur. Məlum olduğu kimi, bu postsovet məkanının Avropa hissəsindəki ölkələr arasında münaqişələrin mənbəyidir", - ekspert bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri haqda danışarkən o bildirib ki, bu münasibətlərin potensialı hələ də bütünlüklə istifadə eliməyib: "Rusiyanın Cənubi Qafqaz ölkələri ilə hərbi-texniki əməkdaşlığı müxtəlif prioritetlərə malikdir. Ermənistanla bu hərbi-strateji müttəfiqlikdir, Azərbaycanla isə - sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə, ümumi sərhədin demilitarizasiyası, DİN xətti ilə daha sıx əməkdaşlıqdır".

Ermənistanın xarici siyasət kursunun seçiminə toxunan ekspert qeyd edib ki, Avropa İttifaqının xarici siyasət prioritetləri arasında demək olar ki, Ermənistanın yeri yoxdu: "ABŞ isə Ermənistanla strateji müttəfiqlik elan etməkdənsə, İrəvanda növbəti inqilaba üstünlük verərdi. İrəvanın tutduğu kursdan çox şey asılı deyil. Nəticə etibarı ilə Ermənistan Avrasiyanın siyasi məkanının orqanik hissəsinə çevriləcək və o bu halda qaldıqca Ermənistanın vəziyyəti qeyri-müəyyən olacaq".

Ekspertin sözlərinə görə, Avropanın Qafqazda əsas müttəfiqi vakansiyasını Gürcüstan tutur: "Lakin Gürcüstan hazırda Avropada siyasi turbulentlik və hökumət dəyişkənliyi ilə əlaqədar hazırda Avropaya lazım deyil".

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiasından sonra başlayıb. Dağlıq Qarabag və onu bitişik 7 rayon (Azərbaycan ərazisinin 20 faizi) Ermənistan hərbi qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejimi haqqında razılığa gəliblər və indiyədək ATƏT-in Minsk qrupu və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəı verməyən sülh danışıqları aparılır. BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağın və ona birləşik ərazilərin azad edilməsinə dair 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

N.Babayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00