Ermənilər varlanmaq üçün Azərbaycanı talayır
Topxana meşəsini qırılaraq tikintilər inşa edilib, mebel istehsal edilib
21 May 2014 15:54 SiyasətErmənistan işğal etdikləri ərazilərdə özlərinə məxsus bir şəkildə təbiəti viran qoymaq və talançılıq siyasətini həyata keçirir. Bunu ANS PRESS-ə Azərbaycan Respublikası Ərazilərinin Erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Mirzəli Fətəliyev bildirib. Onun sözlərinə görə, Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə əsasən, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. O, qeyd edib ki, işğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələrdir. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq, yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Həmçinin qazla təmin edilməyən insanlar oduncaqdan geninə- boluna yanacaq kimi istifadə edirlər.
İşğal olunan ərazilər Kiçik Qafqazın dağlıq zonası olmaqla Azərbaycanın iri meşə rayonlarıdır və Azərbaycanın meşə örtüyünün 25%-i bu ərazilərdə yerləşir. Bundan əlavə, işğal edilmiş ərazilərdə təbiət abidələri, nadir bitki və heyvan növləri geniş yayılmışdır. Həmin ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri yetişirdi. Bunlardan 70-i endemik növ olub, respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitməyən bitkilərdir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya bitki aləmi xəzinəsindən silinmək üzrədir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin 42997 hektarı Ermənistanın işğalı altındadır və Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığı ərazilərinin də daxil olduğu qiymətli meşə sahələri və biomüxtəliflik də talan edilməkdədir.
İşğal olunmuş ərazilərdə 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt qalmışdır. Hal hazırda işğal olunmuş ərazilərdə böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyəti məhv edilib. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalıb.
Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib.
Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsindədir və Zəngilan rayonuna aid olan Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə 1974-cü ildə yaradılıb. Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi 21 ildən çoxdur ki, erməni işğalçılarının əlindədir. Əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılır, talan edilib satılır. Belə ki, Ermənistan tərəfi Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ağac emalı sexi açılıb. Sexdə fasiləsiz olaraq mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırılıb istifadə edilir, sonar da qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyularaq dağıdılıraq cinayətlərin izi itirilməyə çalışılır. Cavan pöhrələr ərazidə saxlanılan mal qaraya yedizdirilir, toxumdan əmələ gələn cücərtilər məhv edilir. Bütün bunlar isə ekoloji terrordur.
Zəngilan rayonunun Muğanlı kəndində 100 miliyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir. Bu barədə bir neçə dəfə beynəlxalq konfranslarda məsələ qaldırmışam. Çünki Bəsitçay vadisindəki çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir.
Şuşa şəhəri dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin mədəniyyət və təbiət abidələri artıq məhv edilib. "Ağzı yastı" kaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. "Haça yal" adlanan sahəsində uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Digər təbiət abidəsi Qarqar çayının sol sahilində, Şuşa şəhərindən cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng daşları Titan əsrinə aid edilən "Xan mağarası" da xüsusi mühafizə olunan təbiət ərazilərinə aid idi. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
İşğal olunmuş Laçın rayonunda yasaqlıq məhv edilib. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan və dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacların materialından qiymətli mebel və xüsusilə də, konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilir. Qırmızı palıd və diğər növlər ermənilər tərəfindən vəhşicəsinə qırılaraq Fransaya, qoz ağacları isə qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana satılır.
Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərinin kütləvi şəkildə qırılaraq yarımfabrikat şəklində xarici ölkələrə satırlmasıda inhisarçı mövqe Ermənistanın hakim siyasi elitasına aiddir. Belə ki, keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir. Sarkisyan, Köçəryan və Ermənistanı idarə edən "Qarabağ klanın"ın digər üzvləri milyarderlər statusundadır və onların bu cür varlanmasında Azərbaycan sərvətlərinin talan edilməsinin də payı var.
Meşə ilə örtülü ərazilərin qorunması, bərpası və səmərəli istifadəsi işinə qondarma DQR hökuməti yanında ətraf mühit və təbii resurslar idarəsi baxır. İdarənin rəisi Qarri Qriqoryandır. 2012-ci ildə erməni mətbuatında gedən məqalədə Q.Qriqoryan, müharibə illərində meşələrə çox ziyan dəydiyini və baxımsızlıq və intensiv istifadə edilməsi ucbatından meşələrin bərbad vəziyyətdə olduğunu etiraf etmişdir.