“Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi Ermənistanın maraqlarına xidmət edir” - FİKİR
Elxan Süleymanov: “Amerikalı həmsədrini təklifi Azərbaycanın guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür”
21 May 2014 14:34 SiyasətATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədr Ceyms Uorlik sosial şəbəkədə Sərsəng su anbarının fotosunu yerləşdirərək yazıb: "Bu Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu müsbət addım olardı". AVCİYA-nın sədri, millət vəkili Elxan süleymanov hesab edir ki, amerikalı həmsədrin mövqeyi Azərbaycanın maraqlarına cavab vermir: "Ölkəmizin Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu daxil olmaqla 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bir sıra obyektlər qalıb. Bunlardan biri də Sərsəng su anbarıdır. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqdadır. Bundan əlavə, işğalçı tərəf suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Sərsəng su anbarının təhlükə mənbəyinə çevrilməsinin və işğalçı tərəfin bu su anbarından təhdid kimi istifadə etməsinin müxtəlif beynəlxalq təşkilatlarda gündəmə gəlməsi istiqamətində ciddi səylər göstərilmişdir. Nəhayət, AŞPA-nın Sosial məsələlər komitəsində Sərsəng su anbarı üzrə məruzəçi təyin edildi. Belə bir vacib ərəfədə Minsk Qrupunun amerikalı həmsədrinin Sərsəng su anbarının birgə istifadə edilməsi barədə fikirləri təsadüfi hesab edilə bilməz". Millət vəkili hesab edir ki, Uorlikin bu fikirləri konkret məqsədlərə xidmət edir və məqsədyönlü şəkildə Sərsəng su anbarı üzrə məruzəçinin araşdırmalarına təsir etmək məqsədi daşıyır: "Cənab Uorlik məruzəçiyə və AŞPA üzvlərinə bununla mesaj ötürür ki, bu, Amerikanın mövqeyidir, özünüzü yığışdırın. Belə ki, cənab Uorlik diplomat kimi dəqiq bilməlidir ki, beynəlxalq hüququn imperativ prinsiplərinə əsasən heç bir halda digər dövlətin ərazisinin silahlı işğalı qanuni hesab edilə bilməz və işğalçı tərəfin işğal etmiş olduğu ərazilərdəki istənilən fəaliyyəti qeyri-qanunidir. Bu o deməkdir ki, Ermənistanın və onun formalaşdırdığı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində istənilən fəaliyyətinin qeyri-legitim olmasını amerikalı həmsədr bilməmiş deyil. Bəs onda cənab Uorlikin beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan təkliflə çıxış etməsinin səbəbi nədir? Maraqlıdır ki, Sərsəng su anbarı ilə bağlı məsələ beynəlxalq müstəvidə müzakirə mövzusuna çevriləndə 2013-cü ilin avqust ayında separatçı rejimin qondarma "baş nazirinin müavini" Artur Aqabekyan eyni təkliflə çıxış etmişdi. Amerikalı həmsədrin və separatçı rejimin "rəsmi"sinin təkliflərinin tamamilə üst-üstə düşməsi təsadüfidir, yoxsa bir mənbədən qaynaqlanır? Hesab edirəm ki, belə üst-üstə düşmək təsadüfi ola bilməz və burada məqsəd, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaqdan, yəni ikili məqsədə nail olunmasından gedir - Azərbaycanın əməkdaşlıqda maraqlı olmaması iddiasını əsas gətirərək Ermənistanı müdafiə etmək və beynəlxalq sanksiyalardan sığortalamaq. Əlbəttə, cənab Uorlik və ermənilərin digər havadarları gözəl başa düşürlər ki, işğala son qoyulmayanadək Azərbaycan işğalçı dövlətlə, həmçinin onun formalaşdırdığı separatçı rejimlə heç bir əməkdaşlıq etməyəcəkdir. Belə olan halda düşmən tərəfin və onu müdafiə edən mərkəzlərin işğalın aradan qaldırılması istiqamətində Ermənistanın guya konstruktiv əməkdaşlığa hazır olması barədə fikirlər səsləndirməsi üçün imkan yaranacaq. Bununla da onlar dünya ictimaiyyətinə nümayiş etməyə çalışacaqlar ki, Ermənistan əməkdalıq etməyə hazırdır, ermənilər sülhsevərdir, lakin Azərbaycan əməkdaşlıq etmir, bölgədə sülhün bərqərar olmasını istəmir. Beləliklə, amerikalı həmsədr Ceyms Uorlikin təklifi, bir tərəfdən, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür".