“Rusiya öz xoşu ilə Başqırdıstana müstəqillik verməlidir” - AÇIQLAMA

Vəfa Quluzadə: “Əsarət altına alınmış xalqların hamısı torpaqlarında müstəqil şəkildə öz adət-ənənələrilə yaşamaq istəyirlər”

Azərbaycanın keçmiş dövlət müşaviri, siyasi analitik Vəfa Quluzadə Rusiyada yaşayan başqırd türklərinin referendum keçirərək öz müstəqilliklərini elan etmək tələblərinə münasibət bildirib. V.Quluzadə qeyd edib ki, Rusiyanın iqtisadi, siyasi və ictimai vəziyyəti olduqca acınacaqlıdır. Bunun müqabilində Rusiyanın başqalarına ağıl öyrətməyə çalışdığını deyən Vəfa Quluzadənin sözlərinə görə, Rusiya ciddi-cəhdlə Ukraynanın federallaşmalı olduğunu bildirir: "Çünki orada müxtəlif millətlər yaşayır və onların tələbləri yerinə yetirilməlidir. Rusiyanın özü isə tamam başqa işlərlə məşğuldur. Putin çökmüş çar imperiyasından nəsə yaratmaq istəyir. Çar simvollarının Rusiyada yayılması Putinin yeni imperiya ambisiyasını üzə çıxarır. Kreml federasiyada çarlıq dövründə mövcud olmuş xristianlıq və slavyanlıq ənənələrinin bərpasına çalışır. Eyni zamanda Putin SSRİ-nin sahib olduğu sərhədləri və sovet imperiyasında mövcud olmuş diktator rejimini bərpa siyasəti yürüdür. İki "ölü imperiya"dan yeni "diri imperiya" yaratmaq istəyir. İki ölüdən bir diri yaratmaq olmaz. Moskva öz xoşu ilə Rusiya daxilində federallaşma siyasətini həyata keçirməlidir. Hakimiyyət Şimali Qafqaz, Başqırdıstan, Tatarıstan və b. millətlərə də müstəqillik verməlidir. Əgər Moskva bunu səxavətlə edərsə, ondan sonra müstəqilləşmiş regionlarla normal əlaqələr qurarsa, onda Rusiya federal dövlət kimi yaşaya bilər. Amma bu günki Rusiya federasiya deyil, yalandır. İmperiyadır, adını "federasiya" qoyublar. İşğal etdiyi torpaqlar üzərində özünü "federasiya" elan edib. Əsarət altına alınmış xalqların hamısı torpaqlarında müstəqil şəkildə öz adət-ənənələrilə yaşamaq istəyirlər. Başqırdıstan buna tamamilə layiqdir. Orada toparlı şəkildə böyük bir xalq yaşayır. Üstəlik həmin torpaqlar tamamilə başqırdlara məxsusdur. Başqırdların yaşadığı ərazilər təbii sərvətlərlə zəngindir. Başqırdıstanın sahib olduğu neft və təbii qaz yataqları bu xalqın müstəqil yaşamasını təmin edə bilər. Başqırdların müstəqil olması üçün bütün imkanları var". Vəfa Quluzadənin sözlərinə görə, Rusiya Ukraynanın Cənub-Şərq hissəsini işğal edib həzm etmək iqtidarında deyil. Krımın hələ Rusiyaya hansı şəkildə zərbə vuracağının naməlum olduğunu deyən analitik qeyd edib ki, öz problemlərini həll edə bilməyən Rusiya Krımın problemlərini həll etməlidir. V.Quluzadə hesab edir ki, yarımadanın ictimai, sosial, enerji problemləri həll edilməlidir: "Rusiya Krımı qazlaşdırmalıdır. Üstəgəl bu problemlərlə yanaşı Krımda yaşayan tatarlar, digər kiçik etniklər və ukraynalılar Rusiyanın yürütdüyü siaysətdən narazıdırlar. Rusların da Moskvadan razı olub-olmadıqları da məlum deyil. Krım Rusiyanın bir sıra oliqarxik qrupu tərəfindən idarə olunur. Krımın əsl sakinlərinin arzusu çökən imperiyaya calanmaq deyil. Müstəqil olmaqdır". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00