Həmsədrlərin özləri beynəlxalq hüquq normalarına əməl etməlidirlər - ŞƏRH

Aydın Hüseynov: “Onlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atmır, konstruktiv mövqedə dayanmırlar”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin-Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov- regiona növbəti səfəri başlayıb. Kütləvi informasiya vasitələrinin məlumatına görə, vasitəçilər bu dəfəki səfər çərçivəsində Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırırlar. Hətta bu xəbəri ATƏT-in Minsk qrupunun Birləşmiş Ştatlardan olan həmsədri Ceyms Uorlik də təsdiqləyib. Vasitəçilərin Laçın və Kəlbəcər rayonlarına məhz işğalçı Ermənistan dövlətinin ərazisindən keçəcəyi bildirilir. Azərbayaycana isə həmsədrlərin mayın 18-də gələcəkləri gözlənilir. Göründüyü kimi, yenə də vasitəçilər beynəlxalq hüquq və normalar, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədən işğal altında olan ərazilərə məhz Ermənistandan keçməyi nəzərdə tutublar. Heç şübhəsiz ki, vasitəçilərin bu niyyəti Azərbaycan cəmiyyəti tərəfindən ciddi etirazla qarşılanır.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov deyir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyət göstərdiyi 22 il ərzində heç bir irəliləıyiş müşahidə edilməyib: "Görünən odur ki, ötən 22 il ərzində heç bir konstruktivlik, nəticə olmayıb. Bu 22 il ərzində həmsədrlər işğal altinda olan torpaqları, Qarabağı qarış-qarış gəziblər. Növbəti dəfə də həmsədrlər işğal altında olan ərazilərimiz Kəlbəcər və Laçına getməyi düşünürlər. Ən təssüfedici məqam ondan ibarətdir ki, həmsədrlər işğal altında olan Azərbaycan ərazilərinə Ermənistan gəlirlər". Aydın Hüseynov hesab edir ki, həmsədrlər ilk növbədə beynəlxalq normaları gözləməlidirlər: "İlk növbədə həmsədrlərin özləri beynəlxalq hüquq normalarına əməl etməlidirlər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması missiyasını öz üzərinə götürən bir qurum və onun nümayəndələri beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Onlar özləri ilk növbədə beynəlxalq hüquqa riayət etmirlər. Nəyə görə ATƏT-in Minsk qrupunun  həmsədrləri Azərbaycan ərazilərinə Ermənisdan gəlirlər. Bütün dövlətlər və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycan torpağı kimi tanıyıb. Çünki Qarabağ tarixi Azərbaycan əraziləridir. Ona görə də işğal altında olan ərazilərimizə bütün səfərlər Azərbaycan vasitəsilə, onun razılığı ilə həyata keçirilməlidir. Bütün bunları nəzərə alaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu addımını düzgün addım kimi qiymətləndirmək olmaz". Hakim partiyanın rəsmisi onu da deyib ki, bu gün Azərbaycan ictimaiyyəti haqlı olaraq həmsədrlərə qarşı narazılığını ifadə edir: "Konkret olaraq bu gün Azərbaycan ictimaiyyətinin həmsədrlərdən narazılığı ondan ibarətdir ki, onlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atmır, konstruktiv mövqedə dayanmırlar. Bir sıra beynəlxalq qurumlar və təşkilatlar kimi həmsədrlər də Dağlıq Qarabağ problemi və onun həllinə ikili standartlarla yanaşırlar". Aydın Hüseynov bir neçə gün əvvəl ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdən birinin, Fransanın dövlət başçısı Fransua Ollandın Cənubi Qafqaz regionuna. O cümlədən Azərbaycana səfərinə münasibəıt bildirib. O, Fransa dövlət başçısının Bakıda və İrəvanda bundan sonra Dağlıq Qarabağ probleminin həllinə diqqəti artıracağı barədə səsləndirdiyi fikirləri nikbin qarşılayıb. Onun sözlərinə görə, Fransa prezidentinin regiona səfərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət irəliləyişlərin müşahidə ediləcəyini gözləməyə dəyər: "Çünki Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri və dövlət başçısı cənab İlham Əliyevlə görüşləri çox səmərəli oldu və fransalı qonaq ölkəmizə çox böyük qiymət verdi. Ümumiyyətlə, Fransa prezidenti Fransua Ollandın regiona və Azərbaycana səfəri müsbət bir haldır". Aydın Hüseynov bildirib ki, Fransa ilə bizim həm mədəni, həm iqtisadi, həm də digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün böyük imkanlar yaranacaq: "Eyni zamanda Dağlıq Qarabağ probleminin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq mühüm rol oynayır. Hesab edirəm ki, ayrı-ayrı dövlətlərin rəhbərlərinin Azərbaycana səfər edərək ölkəmizlə yaxından tanış olması və Azərbaycan dövlətinin mövqeyini öyrənmələri də problemin həllinə müsbət mənada öz təsirini göstərir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00