“Madrid prinsipləri” birbaşa Ermənistanın xeyrinədir”

BAXCP funksioneri İlham Rəhimova cavab verdi

BAXCP sədri Qüdrət Həsənquliyevin Qarabağ problemi ilə bağlı Rusiya ilə danışıqlar aparmaliyıq təklifi hələ də səngimək bilmir. Bununla bağlı Rusiya prezidentin tələbə yoldaşı həmyerlimiz İlham Rəhimov münasibət bildirib. İlham Rəhimovun Qüdrət Həsənquliyevin təklifi ilə bağlı kəskin fikirləri BAXCP tərəfindən sərt qarşılanıb.  BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "OLAYLAR"a bunları deyib: "Düzü 60 yaşında qoca bir kişinin bu dərəcədə bəsit cavab verəcəyini düşünmürdüm. O gah deyir ki, Qarabağın açarı Rusiyanın əlindədir, gah da deyir ki, biz özümüz bu topraqları müharibə yolu ilə həll etməliyik. İlham Rəhimovun iddiasına görə, əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlayarsa, Rusiya bitərəf qalacaq. Rusiya bitərəf qalacaq? Kimi aldadırsan?! Rusiya sənin iddia etdiyin kimi bitərəfdirsə, yaxud Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə bitərəf qalacaqsa, o zaman Azərbaycan rəsmilərinin hətta müharibə ehtimalları ilə bağlı səsləndirdiyi hər bəyanatdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın və rus generallarının hədə-qorxu xarakterli açıqlamalarını kimin adına yazaq? Bütün günü rus generalları Azərbaycanı hədələyir ki, müharibə etsəniz ... Qərbin Azərbaycana təklif etdiyi "Madrid prinsipləri" birbaşa Ermənistanın xeyrinədir. Həm də Azərbaycanda referendumun keçirilməsi konstitusiyasına ziddir. Qərb və Avropa da Azərbaycanın müharibə aparmasının əleyhinədir. Bütün təhlilər göstərir ki, müharibə Azərbaycanı hansı vəziyyətlə qarşılaşdıra bilər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00