Azərbaycan ötən on ildə və qarşıda duran strateji hədəflər
İlham Əliyev: “Ölkəmiz artıq regionda siyasi, iqtisadi və mədəni mərkəz kimi qəbul edilir”
15 May 2014 18:59 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsi ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Buna səbəb müsahibədə Azərbaycan xalqının hədəfləri, dövlətin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, ölkədə aparılan çoxşaxəli islahatlar və digər əhəmiyyətli məsələlər barədə ətraflı məlumatların əksini tapmasıdır.
Dövlət başçısı bildirib ki, 2013-cü il prezident seçkilərində Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə etmişdir. Bu fikirdən aydın olur ki, Azərbaycanda prezidentlə xalq yekdildir və xalq birmənalı olaraq dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir. Eyni zamanda, öz gələcəyini və dünya xalqları arasında günü-gündən artan nüfuzunu dövlət başçısına etibar edir. Qeyd edək ki, Azərbaycan xalqının belə bir qənaətə gəlməsinə qətiyyən şübhə ilə yanaşmaq mümkün deyil. Çünki, ən azından hər bir vətəndaş öz gündəlik həyatında rifah halının yüksəlməsinin iştirakçısı və şahidi olur. Prezident İlham Əliyev ölkədə müşahidə olunan iqtisadi artımı belə ifadə edib: "Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötmüşdür. Əhalinin gəlirləri 6,5, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunmuşdur". Məlumat üçün qeyd edək ki, Azərbaycanın bu uğurları beynəlxalq maliyyə qurumları tərəfindən də qəbul edilərək yüksək qiymətləndirlir.
Faktdır ki, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində baş verən inkişaf ya rekord həddədir, ya da dünya ölkələri arasında ilkin sıralardadır. Dövlət başçısının ölkə iqtisadiyyatında baş verən inkişaf dinamikasını məhz konkret rəqəmlərlə ifadə etməsi real vəziyyəti əks etdirir. Quruculuq-abadlıq işlərinin təkcə mərkəzi şəhərlərdə deyil, eləcə də regionlarda aparılması barədə məlumat isə Azərbaycanda şəhərlə kənd arasında fərqin aradan qaldırılması istiqamətində ciddi işlərin görülməsinin ifadəsi kimi qəbul edilə bilər. Müsahibədə dövlət başçısı həmçinin ölkənin mövcud potensialı və gələcək planlar barədə də fikirlərini açıqlayıb: "Gələcək planlarımız Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsindən ibarətdir". Prezident gələcək hədəfləri diqqətə çatdırmaqla sanki ölkənin on ildən sonrakı siyasi və iqtisadi mənzərəsini təsvir edib. Bu isə o deməkdir ki, yaxın illər ərzində Azərbaycan demokratik təsisatların inkişaf etdiyi ölkəyə çevrilməklə beynəlxalq aləmdə mövqeyini daha möhkəmlətmiş olacaq.
Azərbaycanın informasiya-kommunukasiya texnologoyaları sahəsindəki inkişafından söz açan dövlət başçısı ölkəmizin bu sahədəki hədəflərini ortaya qoyub: "Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. Son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik". Dövlət başçısının fikirlərindən aydın olur ki, hazırda dünyada qlobal məsələlərdən hesab edilən informasiya-kommunukasiya texnologiyaları sahəsinə Azərbaycanda ciddi yanaşılır və bunun nəticəsidir ki, ölkəmiz kosmik sənayesi sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycan telekommunikasiya peykini orbitə çıxarmaqla nəinki özünü, hətta bir sıra xarici ölkələr üçün internetdən istifadə imkanı yaradıb. Azərbaycanın brend modelindən danışan prezident İlham Əliyev qeyd edib ki, "ASAN xidmət"in dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir: "Cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Qarşıdakı dövrdə "ASAN xidmət" funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq". Azərbaycanın iqtisadi inkişafının təkcə neft sektoru üzərində qurulmadığını önə çəkən prezident qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ ölkəni sənaye dövlətinə çevirməkdir: "Son 10 ildə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir". Dövlət başçısı müsahibəsində Azərbaycanın regionlarının mənzərəsini dəqiq statistik rəqəmlərlə ifadə edib. Bildirib ki, pegional inkişaf dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə böyük dönüş yaranıb, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artıb. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşıb və müasirləşib. Bu faktlar isə region əhalisinin həyat səviyyəsinin, vətəndaşların rifah halının yüksəlişinin göstəricisi kimi dəyərləndirilə bilər.
Nəhayət dövlət başçısı müsahibəsində Azərbaycan dövlətinin qarşısında duran strateji hədəfləri açıqlayıb: "Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək". Etiraf edək ki, Azərbaycanın sadalanan strateji hədəflərə çatması üçün kifayət qədər potensialı mövcuddur. Artıq ölkəmizin dünyada mövqeləri möhkəmlənib, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir: "BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir".
Prezident Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki roluna toxunub, ölkəmizlə beynəlxalq təşkilatlar arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Qeyd edib ki, "Şahdəniz-2" layihəsi dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXI əsrin kontraktı" kimi düşəcəkdir: "Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində imzalanmış saziş bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq". Xarici siyasətdəki uğurlardan söz açan Prezident qeyd edib ki, dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər: "Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır". Bu isə o anlama gəlməlidir ki, prezident İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən üstün tutur və bu maraqların təmin olunması məqsədilə konkret addımların atılmasını davam etdirəcək. Konkret olaraq, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi istiqamətində bütün imkanlar səfərbər ediləcək: "Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir".
Politoloq Elçin Mirzəbəyli bildirib ki, cənab prezidentin müsahibəsindəki fikirlər, xüsusən də milli-strateji hədəflərlə bağlı açıqlamaları yüksək qiymətləndirilməlidir: "Cənab prezidentin müsahibəsindən açıq-aşkar görünür ki, ölkənin hələ uzun illər üçün strateji hədəfləri dəqiq şəkildə müəyyənləşdirilib və Azərbaycanın inkişafı ilə bağlı aydın bir yol xəritəsi var. Şübhəsiz ki, bu müsahibə vətəndaşlara olduqca yüksək təsir bağışlayıb. Çünki istənilən Azərbaycan vətəndaşı ölkənin inkişaf prespektivlərini aydın şəkildə təsəvvür etmək istəyindədir. Bu baxımdan o qənaətdəyəm ki, cənab prezidentin bu müsahibəsi bütövlükdə proqram xarakterlidir və Azərbaycanın inkişafı ilə bağlı bütün istiqamətləri özündə əks etdirir".
Millət vəkili Zahid Orucun sözlərinə görə, bölgənin aparıcı dövləti olan Azərbaycan diqqət mərkəzində olduğundan onun hər hansı məsələ ilə bağlı baxışı vacib məsələdir. Dövlət başçısı əvvəllər də müxtəlif beyin mərkəzləri, siyasi institutlarda ən ciddi strateji düşüncələr, analitik mühakimələrlə çıxış edib: "Bu həm də dövlətimizin bi illər ərzində sadəcə neft-qaz ixracatçısı deyil, eyni zamanda ideya-siyasi fikir məkanı olmaq baxımından əhəmiyyətlidir. Şübhəsiz ki, Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından bu bölgədə hədəfləri var. Bu, Gürcüstan və Ermənistanla müqayisə olunmayacaq dərəsədə daha uzağa gedən planlardır. Bu hədəflər Qərbin və beynəlxalq dairələrin də maraqları ilə bu və ya digər formada uzlaşır. Azərbaycanın təkcə neft və qaz sektoru ilə bağlı verdiyi qərarlar bölgənin xarakterini, iqtisadi-siyasi xəritəsini dəyişməkdədir. Ona görə də bu gün bizim siyasi mövqeyimiz çıx önəmli olmuşdur. Bu baxımdan Azərbaycan prezidentinin istənilən açıqlaması çox mühüm və önəmlidir, bölgəni öyrənən dairələr üçün vacib mesajlar və siyasi yüklü fikirlərdir. Odur ki, dövlət başçısının bu müsahibəsi yüksək qiymətləndirilməlidir".