AXCP-Müsavat savaşının növbəti mərhələsi başlandı - SİYASİ ANALİZ
Əli Kərimli 2015-ci il seçkilərinə ana müxalifət lideri kimi qatılmaq istəyir
15 May 2014 13:58 SiyasətFransa prezidenti Fransua Ollandın Bakıya səfəri müxalifət daxilində canlanma yaradıb. Ukraynada Krım böhranı yaranandan Müsavatla AXCP arasında kəsilmiş atəşkəs yenidən pozulub. Fransa prezidentinin ölkənin Bakıdakı səfirliyində müxalifətlə görüşü və bu görüşü barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yazdığı qısqanc status aranı qatıb. Fuad Qəhrəmanlı facebook sosial şəbəkəsindəki səhifəsində Fransa prezidentinin xüsusilə üç nəfər - Əli Kərimli, Xədicə İsmayıl və Leyla Yunusla görüşməsinin "iqtidara açıq mesaj" olduğunu yazıb. F.Qəhrəmanlının bu fikirləri və görüşdə iştirak etmiş digər şəxslərin, xüsusilə Müsavat başqanı İsa Qəmbərin adını çəkməməsi isə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının etirazına səbəb olub. O, F. Qəhrəmanlıdan "Görüşdə iştirak edən digərləri iqtidarın dostudurmu deyirsiniz?" deyə, soruşub. F. Qəhrəmanlı isə bildirib ki, o, adını çəkdiyi üç nəfərə qarşı hakimiyyətin daha radikal münasibətdə olduğunu düşünür.
Fuad Qəhrəmanlının yazdığı qısqanc status əslində AXCP-nin və bu partiyanın ana müxalifət lideri olmaq istəyən sədri Əli Kərimlinin mövqeyidir. Belə görünür ki, AXCP Müsavat Partiyasının müxalifətdən dışlandığını, tamamilə siyahılardan silindiyini güman edirmiş. Fransa səfirliyinə İsa Qəmbərin çağırılması AXCP sədrini şoka salıb. Bu şokun əlamətləri AXCP-nin Göbellsi Fuad Qəhrəmanlının statusunda üzə çıxıb.
Partiya funksionerləri yenə köhnə palan içi söküblər, kimin 2003-cü ildə qaçıb gizləndiyini, kimin 2005-ci ildə meydandan qaçdığını yazıblar. Bütün bunlar köhnə bayatılar olduğundan maraq doğurmur. İsa Qəmbər meydanı tərk edibsə, Əli Kərimli meydanda qalmaqla müxalifətə zərbə vurub. Hamı xatırlayır: Məhz 2005-ci ilin 26 noyabr "oturaq aksiya"ya cəhdindən sonra müxalifətətə uzun müddət aksiya keçirməyə icazə verilmədi. AXCP-nin də, Müsavatın da mübarizəsinin, radikal görünmək istəməsinin başlıca qayəsi rəqibini sıradan çıxarmaq olub. 1993-cü ildən sonra protest elektoratı bu iki partiya arasında gedən savaşa tamaşa edib, heç bir ciddi uğura da nail olmayıb. Bu halda hansı "təmiz müxalifət"dən, "səmimi müxalifət"dən söhbət gedə bilər?
Eyni vəziyyət 2000-ci ildə də yaranmışdı. Müsavat güman edirdi ki. AXCP olaraq "klassiklər"i tanımaqla iş bitdi. Bütün beynəlxalq təşkilatlar Əli Kərimli ilə əlaqələri kəsəcək, heç bir tədbirə çağırmayacaq. Ancaq belə olmadı. Qısa zamanda məlum oldu ki, beynəlxalq təşkilatlar, fondlar AXCP kimi Əli Kərimli qanadını tanıyır, bu qanad müxalifət kimi qəbul olunur. Fransa səfirliyində baş tutmuş görüş bir daha təsdiq etdi ki, AXCP-nin Milli Şurada oynadığı oyunlar, Müsavat əleyhinə aparılan qara piar effekt verməyib. Milli Şura demək olar ki, dağılıb, bütün partiyalar qurumu tərk edib. AXCP-nin "ana müxalifət" adlandırdığı bu qurumda cəbhəçilərdən, bir neçə müstəqildən və Cəmil Həsənlidən başqa kimsə qalmayıb. Səfirlikdəki görüş AXCP-nin "Müsavatı dağıdıb ana müxalifətə çevrilmək" planının da iflasa uğradığını göstərdi. AXCP harda (mətbuatda, sosial mediada) qara piar aparırsa, sərt şəkildə cavabını alır. Fuad Qəhrəmanlının başladığı kampaniya AXCP-Müsavat savaşının ikinci mərhələsi sayıla bilər. Bu savaş Ukrayna hadisələrinə görə populyarlığını itirmiş müxalifəti gündəmə daşıyacaq. Ancaq ənənəvi müxalifətin də son savaşı olacaq. AXCP bu mərhələdə Müsavata daha bir zərbə vurmaq, 2015-ci il seçkilərinə təkbaşına getmək istəyir.