“Şimali Qafqazda baş verənlərin Azərbaycanla əlaqəsi yoxdur” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Rusiya o qədər böyük potensiala sahib deyil ki, geostrateji maraqlarının müdafiəsinin bütün istiqamətlərində fəal siyasət yürütsün”
15 May 2014 13:55 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Rusiyanın Şimali Qafqazdakı ordu birliklərində texnika sayını artırmasına münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Rusiya zaman-zaman Şimali Qafqaz və Xəzər dənizində ordu birliklərini möhkəmləndirməyə çalışıb. BAXCP rəsmisi hesab edir ki, bunun bilavasitə Azərbaycanla bağlı olmasını iddia etmək düzgün deyil: "Azərbaycanda bəzi ekspertlər dünyanın müxtəlif yerlərində baş verən proseslərin hamısını az qala Rusiya-Ukrayna münasibətlərilə əlaqələndirməyə çalışırlar. Rusiyanın bundan əvvəlki imperiya addımları da nəzərə alınmalıdır. 90-cı illərdə Azərbaycana, 2008-ci ildə Gürcüstana qarşı atdığı addımları xatırlamaq lazımdır. Əslində bütün bunlar Rusiyanın mahiyyətindən irəli gələn siyasətdir. Rusiya onsuz da Cənubi Qafqazda hərbi iştirakını təmin edib. Ermənistanda rus bazalarının sayı çoxdur, Azərbaycanın işğal edilmiş Qarabağ, Gürcüstanın isə Abxaziya və Cənubi Osetiya ərazilərində Rusiyanın iştirakı var. Rusiyanın Ermənistandakı hərbi bazaları hüquqi status alıb. Digəriləri isə işğal xarakteri daşıyır. İndiki şəraitdə Rusiya o qədər böyük potensiala sahib deyil ki, özünün geostrateji maraqlarının müdafiəsinin bütün istiqamətlərində fəal siyasət yürütsün. Moskvanın əsas çalışmaları Ukraynada baş verən proseslərə yönəlib. Rusiyanın son hərəkətlərini daha çox informasiya müharibəsinin bir hissəsi hesab edirəm. Burada Rusiya daha çox informativ müharibə aparır, nəinki prinsipial addımlar atır". ("OLAYLAR" İA)