“Şimali Qafqazda vəziyyət ən kritik həddə gərginləşə bilər” - AÇIQLAMA
Vəfa Quluzadə: “Rusiyanın xüsusi təyinatlıları “vəhabi” damğası ilə bölgədə istədiyi hərəkətləri icra edirlər”
15 May 2014 13:12 SiyasətRusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Şimali Qafqaz Nazirliyi yaradılıb. Artıq qurumun yeni naziri Krasnoyarsk vilayətinin qubernatoru Lev Kuznetsov təyin edilib. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə Putinin bu addımını "gözə kül üfürmək" adlandırıb. V.Quluzadə qeyd edib ki, nazirlik yaratmaqla heç bir məsələni həll etmək olmaz. Politoloqun sözlərinə görə, artıq yüz illərdir ki, Rusiya Qafqaz problemini həll edə bilmir. "Qafqaz xalqları azadlıq sevəndirlər, bunun üçün canlarından da keçərlər" deyən Vəfa Quluzadə bildirib ki, Şeyx Şamildən başlayan azadlıq müharibəsi indi də davam edir: "Rusiya regiona nə qədər qoşun, texnika yeridib, xüsusilə çeçenlərin əleyhinə dəfələrlə vakuum bombalarından istifadə edib, amma heç bir nəticəsi olmayıb. Yaxşı yadımdadır, vaxtilə SSRİ-nin Misirdəki səfirliyinin attaşesi işləyəndə misirlilər ölkəni cənginə alan bürokratizmdən narazı idilər. Həmin vaxt Ənvər Sədatın qərarı ilə Bürokratiya ilə Mübarizə Nazirliyini yaratdı. Ondan sonra həmin qurum bürokratiyanın ən parlaq nümunəsi oldu. Demək istəyirəm ki, nazirlik yaratmaqla Qafqaz məsələlərini heç kəs həll edə bilməz. Boş məsələdir. Belə bir qurumun yaradılması Rusiyanın Qafqaz problemini həll etmək iqtidarında olmamasından xəbər verir. Lakin bununla həll etməyə doğru getmək görüntüsünü yaratmaq istəyir". Vəfa Quluzadə gələcəkdə Şimali Qafqazda vəziyyətin ən kritik həddə gərinləşə biləcəyini də istisna etmir. O, bildirib ki, Rusiyanın regionda həyata keçirdiyi soyqırım, işğal siyasəti proseslərin gərginləşməsi üçün qızışdırıcı katalizator rolunu oynaması mümkündür: "Gələn xəbərlərdən bəlli olur ki, Şimali Qafqazda əhali qorxu altında yaşayır. Rusiyanın xüsusi təyinatlıları "vəhabi" damğası ilə bölgədə istədiyi hərəkətləri icra edirlər. Zaman-zaman qafqazlıların müqaviməti gah artır, gah da azalır. Amma bir gün tamam başqa cür ola bilər". ("OLAYLAR" İA)