Qarabağ blokundan Fransa prezidentinə etiraz

Qarabağ Blokunun növbəti iclası keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda ölkə və beynəlxaq  aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok iştirakçıları ilk növbədə Rusiyanın seperatçı qüvvələrə aktiv dəstəyi ilə Ukraynanın Donetski və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə pisləyib və bu faktın ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb. Blok iştirakçıları bu referendumun Rusiyanın təhriki ilə keçirildiyini qeyd edib və dünya dövlətlərini Krımdan sonra Şərqi Ukraynanın işğal və ilhaq siyasətinə hesablanmış bu addımların qarşısını almağa, Rusiyanın bu işğalçı siyasətdən geri durmadıqca ölkəyə qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq etməyə və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün lazım olan səyləri daha ciddi və təsirli formada davam etdirməyə çağırıb. Blok iştirakçıları Fransa prezidentinin İrəvana səfəri zamanı açıq şəkildə Ermənistan dövlətinin yanında durması ilə bağlı bəyanatlar səsləndirməsini və qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı Türkiyəyə çağırışlar etməsini təəssüflə qarşılayıb və bu təzadlı mövqenin onun ATƏT-in Minsk qrupundakı rolu ilə bir araya sığmadığını qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00