Müsavatın qurultayına kim mane olur? - SİYASİ ŞƏRH

Başqanlıq məsələsi problemə çevrilib, tərəflər razılığa gələ bilmir

Müsavat Partiyasının mayın 24-ə təyin olunmuş qurultayı növbəti dəfə təxirə salınıb. Partiyanın mətbuat xidməti məlumat yayıb ki, buna səbəb Bakı Şəhər İcra Hakimiyyətinin  Müsavata 800-1000 nəfərin yerləşə biləcəyi zal ayırmamasıdır.  Qeyd edək ki, mayın 12-də keçirilən məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məktuba "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna istinad edərək, müraciətdə qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan - 24 maydan 3 gün qabaq cavab veriləcəyini bildirib. Müsavat qurultayı iyunun 21-ə təyin edib.

Əslində Müsavat Partiyasının mayın 24-də qurultay keçirməyəcəyi bəlli idi. Qurultay partiyanın baş toplantısıdır. Hər bir partiya qurultaya qədər mövcud problemlərini həll edir, veriləcək mesajlar və qərarlar öncə qurultaya qədərki qurumlarda müzakirə olunur və əslində qəbul edilir. Qurultay əslində partiyanın Məclisdə, Divanda verdiyi qərarları formal olaraq təsdiqləyir. Müsavatın daxili siyasəti bəllidir. Partiya Milli Şuradan çıxıb, AXCP ilə müttəfiqliyin yeni yollarını arayır. Ukraynada baş verən hadisələrə münasibət bəllidir. Deməli, Müsavatda  bütün qərarlar, mesajlar qəbul olunub. Qalır tək məsələ:başqanın kim olacağı. Partiyanın yeganə problemi həll edilmədiyindən qurultayın keçirilməsinə də lüzum yoxdur.

Problem nədən ibarətdir? Hazırkı başqan İsa Qəmbər yenidən başqan adayı olmayacağını bildirib. Bu o deməkdir ki, partiyaya yeni başqan seçilməldir. Partiyanın hazırkı elitasından İsa Qəmbərdən sonra ikinci böyük fiqur Arif Hacılıdır. Zəngin seçki və təşkilati təcrübəsi olan Arif Hacılı Müsavatın başqanı olmağı həm də indiyə qədər tutduğu mövqeyi ilə haqq edib. Qurultayda açıq səsverməyə çıxarılarsa, Arif Hacılı başqan seçilmək üçün yetərli səsləri toplaya biləcək. Amma iş burasındadır ki, Müsavatın Qadınlar Təşkilatı (sədri Vurğun Əyyuba yaxın adamdır) və Gənclər Təşkilatı (sədri Arif Hacılıya yaxın adam olsa da, əksəriyyət onu qəbul etmir) Arif Hacılının başqan olmasını istəmir. Hacılının başqan olması İsa Qəmbərin özünün də ürəyincə deyil. "Dərin Müsavat" (İsa Qəmbər-Pənah Hüseyn-Rauf Arifoğlu) Müsavat daha yumşaq təbiətli, sözəbaxan birisinin başqan olmasına çalışır. Belə bir fiqur var. Bu, iqtisadçı Qubad İbadoğludur. Əslində Azərbaycan siyasi və mətbu çevrələrində də İbadoğlunun başqan olmasını istəyənlər çoxdur. Arif Hacılı nə qədər təcrübəli olsa da, yenilikçi deyil, mühafizəkardır. Müsavatın üzv olduğu beynəlxalq təşkilatlar da, Hacılı ilə deyil, İbadoğlu ilə işləməyə üstünlük verəcəklər. Hacılı başqan seçilərsə, Müsavat dəyişməyəcək. AXCP ilə intriqa davam edəcək, müxalifətin toparlanması üçün əməli addımlar atılmayacaq. İsa Qəmbər-Əli Kərimli qovğası, Hacılı-Kərimli qovğası ilə əvəz olunacaq. Çünki Müsavatla "Yurd"un intriqası 90-cı illərə dayanır. Müsavata elə bir başqan lazımdır ki, köhnə münaqişələri unutsun, proseslərə bir az yuxarıdan baxa bilsin. Aşağılarda nüfuzu olmasa da, İbadoğlunun beynəlxalq dəstəyi var. Qubad İbadoğlu gənclərin də adayına çevrilə bilər. Yeri gəlmişkən, Müsavat Gənclər Təşkilatının əksər üzvləri Arif Hacılını qəbul etmirlər. Onların qurultayda Hacılının alternativinə səs verəcəyi aydın məsələdir. Qubad İbadoğlunun Hacılı qarşısında bir  üstünlüyü də onun başqan tərəfindən gizli dəstəklənməsidir. Müsavatdan sızan məlumata görə, artıq Müsavat və partiya dışındakı bütün İsa Qəmbər tərəfdarlarına "Qubad İbadoğlunu dəsətkləyin" mesajı verilib. Türkiyədəki qurumlar da İbadoğlunu dəstəkləyəcək. Onun namizədliyinin  də Türkiyədəki Azərbaycan milli təşkilatları tərəfindən təklif ediləcəyi gözlənilir. 

Ərhun Abbas
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00