“NATO yavaş-yavaş Rusiyaya yaxınlaşır” - FİKİR
Zərdüşt Əlizadə: “Rusiya gerçəklikdir, onu tanımamaq olar, amma nəzərə almaq lazımdır. Nəzərə almadılar, bu onların günahıdır”
14 May 2014 16:55 Siyasət"Rusiyanın dövlət mənafeyi üçün ciddi təhlükə yaranıb" - politoloq Zərdüşt Əlizadə Rusiyanın Ukrayna sərhədinə ordu birliklərinin yerləşdirməsi məsələsinə münasibət bildirərkən belə deyib. Z.Əlizadə qeyd edib ki, NATO əvvəl verdiyi bəyanata uyğun olaraq, keçmiş SSRİ ölkələrinə öz tərəfində çəkməyə başlayıb. Politoloq hesab edir ki, NATO-nun bir müddətdən sonra keçmiş sovet respublikalarının bəzilərində hərbi bazalarını yerləşdirməyi planlaşdırır. Alyansın yavaş-yavaş Rusiyaya yaxınlaşdığını deyən Zərdüşt Əlizadənin sözlərinə görə, bunun qarşısını almaq üçün Rusiya Ukraynanı bloklara qoşulmayan dövlət etməyə çalışır: "Planını həyata keçirmək üçün Ukraynanın NATO üzvü olmasını istəməyən qüvvələri dəstəkləyir. Eyni zamanda bununla cəzasız onun dövlət maraqlarına təhlükə törətməyə imkan vermədiyini göstərməyə çalışır. Rusiya ABŞ-ın iri miqyasda həyata keçirdiyi geosiyasi planları öz sərhədləri boyunca reallaşdırır. Lakin bütün böyük dövlətlər eyni siyasəti yürüdür. Məsələn, aralarındakı münaqişələrə görə, Çin tez-tez Vyetnam gəmilərini bombardman edir. Vyetnamın gücü isə Çin əleyhinə nümayişlər keçirməyə çatır. Yəni ki, bütün böyük dövlətlərin qonşuluğunda yerləşən ölkələrin hamısının başına belə bir iş gələ bilər: güclü Vyetnamın da, zəif Ukraynanın da, Meksikanın da. Hər böyük dövlət öz mənafeyini müxtəlif yollarla qorumağa çalışır. Ağıllı siyasətçi vəziyyəti bu yerə çatdırmazdı. Ukrayna siyasətinə gəlmiş admaların hamısı proseslərdən öz mənafelərini güdürlər. Yatsenyuk, Turçinov, Tiyanyibok, Kliçko - bu adamların heç biri siyasəti deyil. Onlar öz dövlətlərini dağıtdılar. Əsas məsuliyyəti adı çəkilənlər, bunları belə bir işə cəlb edənlər daşıyır. Ukrayna xalqı və dövləti bu qüvvələri maraqlandırmır. Rusiya gerçəklikdir, onu tanımamaq olar, amma nəzərə almaq lazımdır. Nəzərə almadılar, bu onların günahıdır". Regionda yaranmış müharibə ehtimalnı dəyərləndirən Zərdüşt Əlizadə hesab edir ki, heç bir dövlət Ukraynaya görə, Rusiya ilə nüvə, raket müharibəsinə başlamaz. Politoloqun sözlərinə görə, bu dünyanın, o cümlədən Qərbin sonu olardı. Z.Əlizadə bildirib ki, müharibə haqqında müəyyən mülahizələr söylənilsə də, müxtəlif cəza tədbirlərinin görüləcəyi barədə iddialar olsa da ortada ciddi heç nə yoxdur. "Bir çox ölkələr Ukraynada baş verən proseslərdən ibrət götürməlidirlər. Çünki yetimə gəl-gəl deyən çox olur, amma çörək verən olmur. Hər kəs öz siyasətini mövcud gerçəkliyə uyğun qurmalıdır. Heç kəs kənardan kömək gözləməlidir, çünki hamı öz probleminin arxasındadır" - deyə Zərdüşt Əlizadə qeyd edib. ("OLAYLAR" İA)