“Rusiya Qərbin sanksiya tətbiq etməsində maraqlıdır” - AÇIQLAMA

Ərəstun Oruclu: “Bu Moskvanı Ukrayna məsələsində özünü daha təmkinli və soyuqqanlı aparmağa vadar edəcək”

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Qərbin Rusiyanın Ukraynadakı rahat hərəkətləri qarşısındakı təmkinli davranışlarını "Olaylar"a şərh etdi. Ə.Oruclu hesab edir ki, Qərbin Rusiyanın Ukraynada həyata keçirdiyi planları təmkinli davranması tərəflər arasında olan siyasətindəki ümumi tendensiya və qaydalardan doğur. Rusiya siyasətinin həmişə qısamüddətli effektlərə hesablandığını deyən Ərəstun Oruclu qeyd etdi ki, Qərbin siyasəti isə uzunmüddətli strateji hədəflərə ölçülür. Politoloqun sözlərinə görə, Qərb başa düşür ki, Ukrayna kimi böyük bir dövləti öz tərəfinə çəkə bilsə, bu böyük uğur olacaq: "İstənilən halda Qərbin tərəfdaşı və tərkib hissəsi olan Ukrayna Rusiya üçün də ümumi bir dövlət olacaq. Hər halda Ukraynanın Qərbə inteqrasiyası Rusiya yolundan daha yaxşıdır. Bu, Rusiya üçün təhlükə deməkdir. Digər tərəfdən əgər Moskva bu məsələdə ciddi şəkildə dirəniş göstərəcəksə və bu baş tutmayacaqsa, Ukraynanın bölgələrini biri-birinin ardınca seperatçılığa sövq edən, onları parçalayan Rusiya öz qonşuluğunda yerləşən ən böyük dövlətlərdən biri tərəfindən problemlər əldə edəcək. Həmin problemlərlə uzun illər çarpışmalı olacaq. Qərb isə Rusiyadan daha sakitdir, emosiyasızdır. Moskva istəyir ki, baş verən proseslərdən qısa müddətə effekt əldə etsin, rus cəmiyyətində və ətrafında Rusiyanın güclü dövlət olması formasını yaratsın. Amma bunların Rusiya üçün heç bir effektiv nəticəsi olmayacaq. Çünki Rusiya təsirinə salmaq istədiyi regionları beynəlxalq aləm "qaraçı bölgələr" kimi blokadaya alacaq. Yəni ki, həmin regionların internet şəbəkəsi, pul köçürülmələri və s. bloklar qoyulacaq. Hələ iqtisadi sanksiyalar isə demirəm. Rusiya isə belə halda həmin bölgələri dəstəkləmək və maliyyələşdirməli olacaq. Bu da ağır yükdür. Qərbin sərt sanksiya paketləri Rusiyaya ciddi iqtisadi zərbələr vurur. Bu Rusiyanı Ukrayna məsələsində daha təmkinli və soyuqqanlı aparmağa vadar edəcək. Qərbin Moskvanın məsələdə soyuqqanlı davranışı bunlara hesablanıb. Rusiya hal-hazırda özünə qarşı sərt sanksiyaların tətbiq olunmasında maraqlıdır. Çünki bu Rusiya cəmiyyətinin birləşdirilməsi üçün vacib xarici düşmən amilidir. Qərb isə bunu Rusiyaya vermək istəmir. Rusiya isə hələlik düşmən qismində Ukrayna hökumətini elan edib. Bununla birləşdirici obraz yaratmaq arxasındadır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00