Beynəlxalq təşkilatlar insan hüquqlarını alver predmetinə çeviriblər
Fəzail Ağamalı: “İnsan hüquq və azadlıqları Avropanın inhisarına çevrilə bilməz”
7 May 2014 15:30 SiyasətMilli Məclisin sonuncu iclasında "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada dəyişikliklər edən 15 saylı Protokol ratifikasiya edilib. Sənəddə Avropa Məhkəməsi ilə münasibətdə yerli məhkəmələrin məsuliyyəti əksini tapıb. Konkret olaraq göstərilir ki, qərarların qəbulu zamanı meydana çıxan məsuliyyət birmənalı olaraq beynəlxalq təşkilatların üzərinə qoyula bilməz. Protokolda digər məsələ hakimlərin Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. Lakin millət vəkilləri beynəlxalq təşkilatları insan hüquqları ilə bağlı sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə suçlayıblar. Əsas irad ondan ibarət olub ki, bir sıra nüfuzlu təşkilatlar beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri icra etmək əvəzinə, Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan çıxış edirlər.
Millət vəkili Səyavuş Novruzov qeyd edib ki, insan hüquq və azadlıqların müdafiəsi hər bir dövlətin önəm verdiyi məsələlərdəndir. O cümlədən hər hansı beynəlxalq qurumun da bu hüquqların qorunması ilə bağlı öz tövsiyyələrini verməsi vacib şərtlərdən biridir. Təəssüf ki, Azərbaycan insan hüquq və azadlıqları sahəsində beynəlxalq sənədləri ratifikasiya edərək, ondan irəli gələn öhdəlikləri yerinə yetirdiyi halda bəzi beynəlxalq təşkilatlar Azərbaycanla münasibətdə ikili standartlarla çıxış etməyi üstün tuturlar. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra Avropa Məhkəməsinə müraciətlərin sayı artıb. Bizə qədər isə bu quruma ən çox Türkiyədən müraciətlər daxil olurdu. Azərbaycan isə bu məhkəməyə müraciət etmək hüququ əldə etdikdən sonra müraciət mexanizmi öyrənilmədən bir hadısə baş verən kimi istənilən vətəndaş rayon məhkıməsinə etdiyi müraciətin surətin Avropa Məhkəməsinə göndərir. Lakin bilmir ki, Avropa Məhkəməsinə müraciət hansı instansiyalardan keçməlidir: "Azərbaycandan Avropa Məhkəməsinə edilən müraciətlərin tərkibi və xüsusiyyətlərinə nəzər saldıqda aydın olar ki, qeydiyyatdan keçən müraciətlərin böyük əksəriyyəri müxtəlif siyasi pariyaların üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələrinə məxsusdur. Bir neçə il əvvəl Ermənistandan qovulmuş, malı-mülkü tamamilə əlindan alınmış insanlar da Avropa Məhkəməsinə müraciət etmişdi. Təəssüflər olsun ki, AM-nin əsas hüquqlarından biri də insan hüquqlarının tərkib hissəsi olan mülki hüquqların araşdırılmasıdır ki, onlardan heç biri qeydiyyata alınmadı. Ancaq Azərbaycanda hər hansı jurnalistin peşə fəaliyyətinə aid olmayan törətdiyi cinayətlə bağlı, yaxud hansısa siyasi partiya üzvünün, namizədin seçkilərdə uduzduqdan sonrakı müraciəti dərhal Avropa Məhkəməsində qəbul olunur. Hazırda AM-nə Azərbaycandan edilən müraciətlərin sayı 110 minə yaxındır ki, bu müraciətlərin qəbulu zamanı onlara yer tapılır, qərar qəbul edilərək Azərbaycan dövlətinə göndərilir. Ona görə də insan hüquqları ilə bağlı məsələdə qərəz, maraq, tələb olmamalıdır. Lakin Azərbaycanla bağlı çıxarılan qərarların hər birinin arxasında marağın, Azərbaycana təsirin olması, ölkəmizin təbii sərvətlərinin bu yolla istifadə cəhdləri açıq şəkildə görülür. İnsan hüquqlarını alverin predmetinə çevrilməsinin özü elə buradan qidalanır". Millət vəkili qeyd edib ki, vaxtilə "hüquq müdafiəçisi" Leyla Yunus da maddi danışıqlar nəticəsində Avropa Məhkəməsi və Avropa Şurasına insanların siyahısını təqdim etmişdi: "Toyuq oğrusu, eləcə də ayri-ayrı cinayət törədən insanlar həmin siyahıda siyasi məhbus kimi təqdim olunurdu. Hətta Azərbaycanda fəaliyyət göstərən digər hüquq müdafiəçiləri həmin siyahıya etiraz edirdilər ki, siyahıda adı olan insanların heç birinin siyasi məhbus kateqoriyasına aidiyyatı yoxdur. Lakin siyahıda Azərbaycanın ərazü bütövlüyünü parçalayan Əlikram Hümbətov, metroda partlayış törədən insan sadəcə digər millətin nümayəndəsi olduğuna görə siyasi məhbus kimi təqdim edilirdi. Halbuki Əlikram Hünbətov L.Yunus kimi ermənilərlə birgə tədbir keçirir, metronu partladan isə terror aktı nəticəsində 30 insanın həyatını məhv etmişdi. Təəssüflər olsun ki, Avropa Məhkəməsi da çox ciddi-cəhdlə Azərbaycanın müstəqilliyi və suverenliyi əleyhinə olan insanların müraciətlərinə vaxtının az olmasına baxmayaraq böyük həvəslə reaksiya verir və qərar qəbul edir. Biz öz əməlimizlə insan hüquqlarına sadiqliyimizi nümayiş etdirdiyimiz halda, beynəlxalq təşkilatların Azərbaycanla bağlı münasibətində ciddi şübhələr yaranır, qeyri-şəffaflıq məsələləri ortaya çıxır".
Millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycanın ərazü bütövlüyünün bərpası istiqamətində atdığı addımlar Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən düzgün qiymətləndirilmək əvəzinə, bundan ölkəmizə qarşı təzyiq kimi istifadə olunur: "Əgər həmin Avropa ölkələrində qaragüruh qüvvələr meydanlara çıxaraq sabitliyi pozurlarsa, onlar atların ayaqları altında əzilirlərsə, necə ola bilər ki, onların hüquqları pozulmur, ancaq Azərbaycanda dövlət maraqları ilə bağlı hər hansı addım atılanda dərhal həmin insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı böyük bir "orkestr" hərəkətə gəlir. Elə son vaxtlar Azərbaycan dövlətinə xəyanət edən Leyla Yunusla bağlı ən müxtəlif beynəlxalq təşkilatlar, ən müxtəlif ölkələr müdafiəyə qalxıb. Sual yaranır, Fransanın, ABŞ-ın diplomatik nümayəndələri hansı haqla istintaqdan yayınan insanı himayə edərək onu iki saat ərzində 5 illik viza verərək hava limanına qədər müşayiət edir? Budurmi Avropada insan hüquq və azadlıqlarını müdafiə edən insanların siması? İnsan hüquq və azadlıqları Avropanın inhisarına çevrilə bilməz. Bu hüquqlar ümumbəşəri hüquqlar olduğundan bütün ölklər tərəfindən hörmətlə yanaşılmalıdır. Yaponiya, Cənuki Koreya kimi ölkələr Avropa deyil, məgər onlarda insan hüquq və azadlıqları daha yüksək səviyyədə qorunmur? Əgər Avropa doğrudan da insan hüquq və azadlıqları məsələsində səmimidirsə, onda buyurub ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət versinlər. ATƏT-in Minsk qrupu onların himayəsindədir. Buyurub Ermənistanın işğalçı siyasətinə son qoysunlar, bir milyon insanın hüquq və azadlıqlarını təmin etsinlər. Bununla öz nüfuzlarını bütün bəşəriyyətə sübut etsinlər".
Alim