“ABŞ Qarabağ planının detallarını açıqlamalıdır”

Elşən Mustafayev: “Bu gün münaqişənin həllilə o problemi yaradan dövlətlərin özləri məşğul olur”

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev ABŞ-ın Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şafferin Ağ Evin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırması barədə iddialarını şərh edib. E.Mustafayev hesab edir ki, bu tip iddiaları istənilən şəxs səsləndirə bilər. AMİP rəsmisinin sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədr dövlətlərindən biri olsa belə, məsələni Rusiya ilə razılaşdırmadan həll etmək mümkün deyil. E.Mustafayev bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllini hansı yollarla öz üzərinə götürməyə cəhd etməsi müəmmalıdır: "Əgər münaqişənin həllində tərəflər razılığa gəlmirlərsə, onda bunun üçün fiziki güc tətbiq edilməlidir. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın kifayət qədər hərbi bazaları və qoşunları var, onda müharibənin miqyası bir qədər də genişlənəcək. ABŞ bunu edə bilərmi? Ağ Ev bu suala cavabı ortaya qoymalıdır. ABŞ əgər ATƏT-in Minsk Qrupunun tərkibində bu məsələni həll etmək istəyirsə, bunu hansı üsulla edəcəyinin detallarını açıqlamalıdır. Əgər ABŞ Ukraynada müəyyən nəticələr əldə etsə, Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısındakı maneələr qalxacaq. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllilə o problemi yaradan dövlətlərin özləri məşğul olur. Həmin dövlətlərin proseslərdə yer alması münaqişənin həllini mümkünsüz edir. Həmsədrlər keçən 20 il ərzində ciddi təkliflər ortaya qoymayıblar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00