“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırıb” - AÇIQLAMA
Üzeyir Cəfərov: “Rusiya Ukraynada baş verən proseslərlə sülhyaratma missiyasındakı qeyri-səmimiliyinə imza atdı”
7 May 2014 13:52 SiyasətHərbi-ekspert Üzeyir Cəfərov Rusiyanın Azərbaycanın Xəzər dənizi sərhədləri yaxınlığında hərbi təlimlərə başlamasına münasibət bildirib. Heç bir narahatlığa əsasın olmadığını deyən Ü.Cəfərovun sözlərinə görə, hərbi təlimlər Rusiya silahlı qüvvələrinin təsdiq etdiyi plana əsasən keçirilir. Ekspert hesab edir ki, indiki həssas məqamda Rusiyanın Azərbaycana əlavə problem yaradacağı inandırıcı deyil: "Moskvanın başı Ukraynadakl proseslərə qarışıb. Dünya dövlətləri Ukrayna ilə əlaqədar Rusiyaya təzyiqlərini artırıblar. Belə bir vəziyyətdə Xəzər dənizində gərginlik yaratması Rusiyanın özü üçün problemə çevriləcək. Adi təlimlərdir. Azərbaycan da dəfələrlə bu tip təlimlər keçirib. Rusiyanın bu müstəvidə Azərbaycana əzələ nümayişi etdirməsini demək düzgün deyil". Ağ Evin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırdığını deyən Üzeyir Cəfərov vurğuladı ki, keçən həftə Vaşinqtonda ABŞ-Azərbaycan müasibətlərinin müzakirəsi vaxtı, səfir Riçard Morninqstar Krım və Şərqi Ukraynada baş verən proseslərin problemin həllinin vacibliyini artırdığını qeyd etdi. Ekspertin sözlərinə görə, Azərbaycan həmin ifadələri dəfələrlə bəyan edib: "Görünür, hansısa fövqəladə vəziyyət olmalı idi ki, ABŞ kimi həmsədr dövlət bu fikri səsləndirsin. Bu səfirin şəxsi fikri deyil, ABŞ-ın mövqeyidir. Dağlıq Qarabağ münaqişəsi nə qədər tez həllini tapsa, o qədər tez postsovet məkanında təhlükəsizlik təmin olunacaq. Krım məsələsindən sonra çox güman ki, Dağlıq Qarabağla bağlı mövcud status-kvo dəyişdiriləcək. Dünya dövlətləri Krım kimi Dağlıq Qarabağla bağlı da Rusiyaya təzyiq etməlidirlər. Rusiyaya qarşı təzyiq edilməsə, məsələdə müsbətə doğru dəyişiklik olacağını gözləməyə dəyməz. Yaxın gələcəkdə məsələdə müsbət irəliləyişlərin olması labüddür. Artıq Rusiya Ukraynada baş verən proseslərlə sülhyaratma missiyasındakı qeyri-səmimiliyinə imza atdı. Ukraynada məsələ bir qədər ayınlaşandan sonra Rusiyadan Dağlıq Qarabağla bağlı Ermənistana verdiyi dəstəyə görə, suallar yaranacaq. Moskva həmin suallara aydınlıq gətirməli olacaq". ("OLAYLAR" İA)