Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti keçirilib

İlham Əliyev: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir”

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib. İşgüzar xarakter daşıyan səfərin məqsədi Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək beynəlxalq sammitdə iştirak etməkdir. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub. Dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidentinə parkda görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib. 2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub. 2007-ci il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət və parlament üzvlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurmadan sonra rəsmi açılış mərasimi baş tutub. Sonra Prezident Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Mirzə Fətəli Axundov (1812-1878) 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının Gürcüstan rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev muzeyi kimi fəaliyyət göstərib.1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. Dövlət başçısı həmçinin Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadrat metr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb. Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. 

Həmin gün Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin üçtərəfli Sammiti keçirilib. "2014 Tiflis sammiti" adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutub. Sammiti Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açıb. O, bildirib ki, sammit siyasi və iqtisadi yükünə görə böyük əhəmiyyət daşıyır. G. Marqvelaşvili ölkəsinin həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxın əlaqələrinin olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı bölgə və dünya üçün də böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hər üç ölkə daim birgə səylər göstərir: "Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivədən çıxıb qlobal məna daşımaqdadır. Sammitin keçirilməsi özlüyündə çox əlamətdar hadisədir və burada müzakirə olunacaq məsələlər də mahiyyət etibarilə çox böyük məna daşıyır". Abdulla Gül isə bəyan edib ki, Türkiyə bu tərəfdaşlıqdan və birlikdən məmnundur. O, Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimini xatırladaraq deyib ki, bu da ölkə başçılarının birliyinin nəticəsidir: "İndi də müzakirə olunacaq məsələlər ətrafında eyni mövqedəyik və bu, bizi məmnun edir. Bu üç ölkənin birgə həyata keçirəcəyi önəmli layihələr var. Biz Qafqaz dağlarındakı səddi götürüb bir işbirliyi halına gətirdik. Üç ölkə olaraq siyasi anlamda mehriban qonşu və qardaşıq. İqtisadi anlamda da çox yaxın əlaqələr var". Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin növbəti sammiti Azərbaycanda keçirilə bilər. Belə bir təkliflə Azərbaycan prezidenti İlham Əliyev dünən Tiflisdə keçirilən "2014 Tiflis sammiti"nin yekununa həsr olunan mətbuat konfransında bildirib. O, hazırkı sammitin çox məhsuldar olduğunu bildirərək növbəti sammitin Azərbaycanda keçirilməsini təklif edib: "Biz bu gün apardığımız fikir mübadiləsi ətrafında qərara gəldik ki, belə görüşlər müntəzəm keçirilsin. Etiraz etmirsinizsə, təklif edirik ki, növbəti sammitimiz Azərbaycanda keçirilsin və bu xoş niyyətli əməkdaşlığımız davam etsin". Türkiyə prezidenti Abdulla Gül isə deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir. O, bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: "Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00