“ABŞ Rusiyanı Səudiyyə Ərəbistanı ilə çökdürmək istəyir” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Səud şahzadəsinin Kremllə əlaqələrinin olması ilk növbədə Ər-Riyadın maraqlarına zidd idi”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli ABŞ-ın Səudiyyə Ərəbistanı vasitəsilə Rusiya üzərində həyata keçirdiyi planları dəyərləndirib. E.Mirzəbəyli qeyd edib ki, Səudiyyə Ərəbistanı dünyanın əsas neft ixracatçılarından biridir və OPEK-də söz sahibidir. BAXCP rəsmisinin sözlərinə görə, Rusiya iqtisadiyyatı da neft-qaz (enerji resurslarının ixracı) üzərində qurulub: "Rusiya iqtisadiyyatı faktiki olaraq enerji resurslarından asılıdır. Əgər OPEK ölkələrinin neftin qiymətləri üzərində manipuliyasiya etmək razılığı olarsa, o zaman Rusiya iqtisadiyyatına çox ciddi ziyan dəyə bilər. Məsələnin mahiyyətində də bu məqam dayanır". Moskva ilə geniş əlaqələrə sahib olan Səudiyyə Ərəbistanının Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Bəndər bin Sultanın vəzifədən uzaqlaşdırılması məsələsinə toxunan Elçin Mirzəbəyli vurğuladı ki, səud şahzadəsinin Kremllə əlaqələrinin olması ilk növbədə Ər-Riyadın maraqlarına zidd idi. E.Mirzəbəyli hesab edir ki, bu günədək Səudiyyə Qərbin tərəfdaşı qismində çıxış edir: "Bin Sultanın da vəzifədən uzaqlaşdırılması ABŞ-dan əvvəl Ər-Riyadın maraqlarından qaynaqlanırdı. Ola bilsin ki, kəşfiyyat materiallarının əldə olunmasında və Sultanın vəzifədən azad edilməsində ABŞ-ın müvafiq strukturlarının rolu olub. Səudiyyə Ərəbistanının ortaya atılması hələ Qərb-Rusiya münasibətlərinin gərginləşməsinin ilkin mərhələsində gündəlikdə olub". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00