Merkel və Putinin telefon danışıqlarını pərdəarxası məqamları
Qabil Hüseynli: “Belə halda Almaniya Rusiyadakı böyük yatırımlarından məhrum olacaq və şirkətləri də ciddi sanksiyalara məruz qalacaq”
6 May 2014 17:25 SiyasətPolitoloq Qabil Hüseynli Almaniya Kansleri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışıqları barədə məsələyə münasibət bildirib. Q.Hüseynlinin sözlərinə görə, digər Avropa dövlətlərilə müqayisədə Almaniyanın Rusiya ilə geniş iqtisadi əlaqələri daha genişdir. Politoloq hesab edir ki, A.Merkelin Ukrayna məsələsində V.Putinlə dil tapmağa çalışmasının əsas səbəbi Almaniyanın Rusiyadakı yatırımlarının sanksiyalardan sonra ciddi itkilərə məruz qalmasıdır. Ukraynanın tarixən də Almaniyaya yaxın olduğunu deyən Qabil Hüseynli qeyd etdi ki, bu gün Almaniya həm Avropa İttifaqının, həm də vaxtilə sosialist rejimlərin hökm sürdüyü Şərqi Avropa ölkələri daxilində lokomotivə çevrilib: "Birləşdikdən sonra Almaniya yenə də Avropanın ən güclü dövlətinə çevrilib. Gücünü daha da artırmaqla super qüvvəyə çevrilməyə çalışır. Digər tərəfdən Vaşinqton Berlini sıxır ki, Rusiyaya qarşı ciddi sanksiyalara gedilməlidir. Merkel isə bu tip sanksiyaların əleyhinədir. Belə halda Almaniya Rusiyadakı böyüt yatırımlarından məhrum olacaq və şirkətləri də ciddi sanksiyalara məruz qalacaq. Merkelle Putin arasındakı telefon danışıqları həm də iki ölkə arasında olan yaxınlıqla bağlıdır. Merkel Rusiyanı Ukraynadan geri çəkindirməyə çalışır. Çünki proseslərin həddindən artıq şişməsində maraqlı deyil. Almaniya regionda hərbi qarşıdurma vəziyyətinin yaranmasını da istəmir. Bu nöqteyi-nəzərdən Merkel tez-tez Putinlə danışır". ("OLAYLAR" İA)