Almaniyada Heydər Əliyevin 91 illiyi qeyd edilib
6 May 2014 13:41 SiyasətAlmaniyanın Saksoniya vilayətinin mərkəzi Drezden şəhərində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılıb. Daha sonra gecənin təşkilatçısı "Alm.AZ" Cəmiyyətinin sədri Ağahüseyn Babayev tədbiri açaraq ulu öndərin keşməkeşli və şərəfli həyat yolu, siyasi fəaliyyəti ilə bağlı geniş çıxış edib. Gecədə iştirak edən müxtəlif xalqların nümayəndələri də çıxış edərək Heydər Əliyevin uzaqgörən siyasətçi, müasir Azərbaycanın qurucusu və böyük şəxsiyyət olmasını vurğulayıblar.Tədbirdə zəmanəmizin böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Xatirə gecəsində Drezdendə yaşayıb fəaliyyət göstərən Azərbaycan, türk diasporunun nümayəndələri ilə yanaşı, alman, yəhudi, ukrayn, rus icmalarının təmsilçiləri, ziyalılar, ictimai xadimlər də iştirak edib.