İlham Əliyev Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.Trend xəbər verir ki, Mirzə Fətəli Axundov (1812-1878) 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının Gürcüstan rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev muzeyi kimi fəaliyyət göstərib.1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib.2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00